Kəlbəcər: vandalizmdən azad edilmiş dağlar

25 Noyabr 2024 22:45 (UTC+04:00)

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsinin dördüncü ildönümüdür. Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və bacarıqlı rəhbərliyi sayəsində mümkün olmuşdur.

Bu misilsiz zəfərimizi qeyd edərkən, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı baş vermiş faciəvi hadisələri də xatırlayırıq. Kəlbəcər rayonu uzunmüddətli mühasirə və şiddətli döyüşlərdən sonra 1993-cü ilin aprel ayının əvvəlində işğal edilmişdi. Ermənistan ordusu birbaşa öz ərazisindən - Basarkeçər istiqamətindən silahlı hücum edərək Kəlbəcər rayonunu işğal etmiş və rayonun 60000 nəfərdən artıq sakinini etnik təmizləməyə məruz qoymuşdur. Rayon əhalisinin əksəriyyəti bir gündən az müddət ərzində, 3000 metrdən artıq yüksəklikdən keçən dağ keçidlərindən piyada qaçmağa məcbur olmuş, yüzlərlə insan donvurma nəticəsində həyatını itirmişdir. Ermənistanın hərbi birləşmələri mülki əhaliyə qarşı rayonun bir çox yerində, o cümlədən, Başlıbel, Zülfüqarlı və Günəşli kəndlərində kütləvi qırğınlar törətmişdir. Çoxlu sayda Kəlbəcər sakini itkin düşmüşdür. Ermənistan məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməkdən və müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaqdan boyun qaçırır. Əksinə, Ermənistan bu cinayətlərdə iştirak etmiş şəxsləri, o cümlədən Kəlbəcərdə azərbaycanlıların etnik təmizlənməsinə şəxsən rəhbərlik etmiş və digər müharibə cinayətləri törətmiş Monte Melkonyanı qəhrəmanlaşdırır.

İşğal dövründə Ermənistan Kəlbəcəri viran qoymuş, onun mədəni irs abidələrini, qəbiristanlıqlarını və infrastrukturunu məhv etmiş və təbii sərvətlərini talamışdır. Ermənistan 2020-ci ilin noyabrında nizamlı şəkildə geri çəkilmək üçün yalvarıb aldığı əlavə vaxtı belə, vandalizm aktları törətmək, o vaxta qədər salamat qalmış binaları yandırmaq, heyvanları öldürmək və bitki örtüyünü dağıtmaq üçün istifadə etmişdir.

Kəlbəcərin işğalı məsələsində Fransanın məsuliyyətinə toxunmaq vacibdir. 1993-cü ilin aprel ayında BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı barədə qətnamə layihəsini müzakirə edərkən, Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Ermənistanın Kəlbəcərə silahlı hücumu birbaşa öz ərazisindən başlatması faktını ört-basdır etməyə çalışmışdır. Bu, Təhlükəsizlik Şurasının digər üzvləri tərəfindən təqdim edilən, Ermənistanın təcavüzünü və sülhü pozmasını sübut edən, peyk görüntüləri də daxil olmaqla, danılmaz dəlillərə baxmayaraq baş vermişdir. Bu fakt göstərir ki, Fransa əslində Ermənistanın Kəlbəcəri işğalını dəstəkləmiş və onu işğalı otuz ilə yaxın müddət ərzində davam etdirməyə cəsarətləndirmişdir.

Bu gün biz Kəlbəcərin şəhid olmuş qəhrəman müdafiəçilərinin və günahsız mülki qurbanlarının xatirəsini ehtiramla yad edirik.

Rayonun davam edən yenidənqurma və bərpası bizi sevindirir. Əminik ki, aparılan irimiqyaslı bərpa işləri keçmiş məcburi köçkünlərin tezliklə geri qayıtmasına şərait yaradacaq və bu bölgəni yenidən Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin mühüm mərkəzlərindən birinə çevirəcəkdir.

Qaya Məmmədov,

Milli Məclisin üzvü