Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.
İş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib.
Həmin vəzifəlilər arasında 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov,Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev,“Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova və Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov olub.
Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.
Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər. (Qafqazinfo)