“Uzun müddətdir, müzakirə olunan məsələlər içərisində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövzusu da var. Bir müddət öncə Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində iki ölkənin xarici işlər nazirləri müavinlərinin gizli görüşünün olduğu ilə bağlı məlumatlar dərc olundu. İddia edilib ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub. Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib. Belə ki, iki ölkə arasında münasibətlər 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra dayandırılıb. Bu gün Kəlbəcərin işğaldan azad edilməsindən 4 öl ötür. Ankara ilə İrəvan arasında münasibətlərin kəsildiyinə səbəb olan amil aradan qalxıb”.
“Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mühiti, həmçinin xalqların arasında da yüksək səviyyəli qardaşlıq mühiti mövcuddur. Bütün bunları əsas götürərək Türkiyə Azərbaycan torpaqları işğal edildikdən sonra konkret olaraq 1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra Ermənistanla sərhədləri bağladı. Demək olar ki, iki dövlətin arasında dövlətlərarası münasibətlər olmadı, yəni həyata keçirilmədi. Bu dövrdə nə Türkiyənin Ermənistanda, nə də Ermənistanın Türkiyədə səfirlikləri olmadı, diplomatik münasibətlər bərpa olunmadı”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın öz gücü hesabına torpaqlarını azad etməsi, həmçinin Azərbaycan və Ermənistan arasında aparılan sülh müqaviləsinin imzalanması üçün danışıqlar, eyni zamanda Türkiyə və Ermənistan arasında da münasibətlərin normallaşdırılması məsələsini aktual edir.
“Paralel şəkildə iki dövlətin arasında müzakirələr aparılır. Ancaq təbii ki, Türkiyə də Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesini izləyib, müsbət və mənfi məqamları düşünür və sərhədlərin açılması barəsindəki qərar da məhz bundan sonra veriləcək. Düşünmürəm ki, sülh müqaviləsi imzalanmamış Türkiyə və Ermənistan arasında sərhədlər açılsın. Çünki proseslər paralel şəkildə gedir. Ümumilikdə, Türkiyədə 1993-cü ildən bu günə qədər olan bu müddətdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bir-birini əvəz edən fərqli qüvvələr hakimiyyətdə olub. Hər zaman Türkiyənin bu məsələdəki prinsipial mövqeyi eyni olub. Yəni dəyişməyib. Türkiyə Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmət edib. Nə qədər ki, Azərbaycan Ermənistanla münasibətləri tam normallaşdırmayacaq, Türkiyə və Ermənistan arasında sərhədlərin açılacağını ehtimal etmirəm. Azərbaycanla Ermənistan arasında ümumi razılıq əldə olunarsa, Türkiyə- Ermənistan arasında məsələnin həll olunması istiqamətində müsbət addımın şahidi ola bilərik”.
Rəfiqə NAMAZƏLİYEVA