Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin barəsində olan həbsin ev dustaqlığı ilə əvəzlənməsi və prosesin qismən məhkəmə istintaqı ilə aparılmasını istəyib. Dövlət ittihamçısı məhkəməyə vəsatətlərin təmin olunmamasını təklif edib.
Məhkəmə vəsatətlərin təmin olunmaması və işin baxışa verilməsi ilə bağlı qərar verib.
Baxış iclası dekabrın 4-nə təyin olunub.
Qeyd edək ki, apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.