Gənclər Mərkəzi yekun tədbirini Qəbələ rayonunda keçirib

28 Noyabr 2024 15:06 (UTC+04:00)

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Gənc fotoovçu yaşıl kənddə” adlı layihəsi həyata keçirir.

Layihə çərçivəsində Qəbələ rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “Layihənin müddəti 3 aydır. Layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir. Ekoturistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var. Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu da ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, həmin fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermiş olarıq.

Eyni zamanda, yaşıl kəndlərin füsunkar mənzərələri ilə yanaşı, təbiətdəki canlıları silahla yox fotoaparatla ovlamağı, təbiətin gözəlliklərini minlərlə insanlara göstərməklə zövq almağına xidmət edəcəkdir. Layihənin bildiyiniz kimi COP 29-un keşirilməsi ərəfsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu günlərdə Bakıda keçirilən qlobal tədbir uğurla başa çatmışdır.” Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirdi ki: “Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.” Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Göyüşlü Qaraxan Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal-qərb regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür etdi və regionda “Yaşıl Dünya naminə həmrəylik ili”ndə görülən işlərdən və bu işlərə gənclərin töhfəsindən danışdı. Tədbir iştirakşılarına “Gənc fotovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanıldı, iştirakçılara sertifikatlar verildi.