Berbokun Bakıya səfəri... məqsəd COP29, yoxsa siyasi gediş? - AÇIQLAMA

28 Noyabr 2024 20:24 (UTC+04:00)

“Almaniya xarici işlər naziri Annalena Berbokun Bakıya səfəri bir neçə məqamla diqqət çəkir. O, əvvəlcə Ermənistana, ardınca isə Bakıya səfər edib. Berbokun səfəri COP29-dan daha çox, siyasi gediş kimi dəyərləndirilir. Digər tərəfdən isə Turan Agentliyinə gedib, bir neçə siyasi fəalla görüşüb, söhbətlər aparıb və s. Bu cür missiya ilə adətən ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton çıxış edirdi. O, Azərbaycana səfər edərkən bir neçə ictimai-siyasi fəal və QHT üzvləri ilə görüşmüşdü”.

“Almaniya xarici işlər nazirinin son səfəri və bundan əvvəlki səfərlər, ümumiyyətlə son iki ildə ki, onun bölgədəki proseslərlə bağlı açıqlamaları onu göstərir ki, bu xanımın Almaniya Xarici İşlər Nazirliyinə başçılıq etdikdən sonra Almaniya xarici siyasəti daha çox, sanki Fransanın təsiri altında həyata keçirilir. Belə ki, Annalena Berbok keçən ildə Azərbaycana qarşı bir neçə qəbuledilməz açıqlamalar vermişdir. Bu açıqlamalar həm Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlər idi. Bundan başqa, Berbok keçən il Azərbaycana səfərində də bəzi səhvlərə yol vermişdi. Belə ki, o, mətbuat konfransında Xankəndi və Şuşanın adlarını ermənicə səsləndirməklə Azərbaycan xarici işlər nazirinin qınağına tuş gəlmişdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, bundan başqa o, həmin mətbuat konfransında yalan danışaraq bildirmişdi ki, guya ki, Qərbi Azərbaycandan qaçqın düşmüş şəxslərlə görüş keçirib.

“Məlum oldu ki, bu görüş əslində həmin kateqoriyadan olan şəxslərlə deyil, tamamilə başqa kateqoriyadan olan insanlarla görüşdür. Təbii ki, bu səfərdə də o, əvvəl Ermənistanda olmaqla, ondan sonra Azərbaycana səfər etdi və bu səfərin əslində əsas məqsədi COP29-da iştirak etmək idi. Amma Berbok iqlim dəyişiklikləri ilə bağlı konfransı siyasi məsələlərlə qarışdırdı. Hesab edirəm ki, bunun bir neçə səbəbi var. Birinci səbəb, 1990-cı illərdən sonra formalaşan Avropa siyasi elitasındakı şəxslərin əksəriyyəti soyuq müharibəni unudublar və yetişən yeni nəsil siyasətçilər daha çox qlobalist mövqedən çıxış edirlər. Onlar da türkəfob, islamafob bir anlayış üstünlük təşkil edir ki, Berbok da onların bariz nümunələrindən biridir. Digər tərəfdən, bu xanımın partiyası Yaşıllar Partiyası adlansa da, o, Bakıdakı görüşdə və COP toplantılarında aktiv iştirak etmək əvəzinə Almaniyada keçiriləcək növbədənkənar seçkilərdəki təbliğat kampaniyasında iştirak edirmiş kimi çıxış etdi. Daha çox sanki öz daxili auditoriyasına yönəlmiş mesajlar verdi. Hesab etmirəm ki, Berbokun bu açıqlamaları Azərbaycana qarşı demarşdır”.

“Çünki artıq Berbok hakimiyyətdən gedən qüvvənin təmsilçisidir və növbəti növbədənkənar parlament seçkilərində təbii ki, hazırkı hakim koalisiyanın qalib gələcəyi gözlənilmir. Almaniyada hakimiyyətə gələcək qüvvələrin isə məsələlərə baxışları fərqlidir. Bu baxımdan onun burada bir neçə ictimai fəalla görüşməsi, sadəcə olaraq bu da Qərb dairələri tərəfindən Azərbaycana qarşı yönələn təzyiq kampaniyasının tərkib hissəsi kimi qəbul olunmalıdır. Lakin bütün bu təzyiqlərə əks-təbliğat kampaniyasına baxmayaraq, Azərbaycan COP-u da yüksək səviyyədə keçirdi və bu əks-təbliğat kompaniyalarını ciddi şəkildə aşağı saldı. Belə desək, COP29-da öz məqsədinə çatmış kimi qəbul edilməlidir. Bunu həm BMT Baş katibi, Azərbaycan prezidenti və digər iştirak edən nümayəndələrin hamısının qənaətinə görə COP olduqca uğurlu alındı və öz məqsədlərinə də çatdı”.

Rəfiqə NAMAZƏLİYEVA