Laçın günü- Genetik yaddaşımın əsarətdən qurtuluşu!

1 Dekabr 2024 10:26 (UTC+04:00)

Mən genetik yaddaşa inanıram.

Genetik yaddaşın təsirlərini, həyat və fəaliyyətimə verdiyi yönü ömrüm boyu hiss etmişəm.

Aran Qarabağda doğulmuş, ömrünün çoxunu Bakıda keçirmiş bir insan kimi düşüncəmin alt qatlarını arayanda istisnasız olaraq genetik çağırışlarımı duyuram.

Dillərin inkişafında genetik amilin rolu var. Həm də çox böyük rolu var.

Bəlkə də doğuşdan mənimsədiyimiz milli dilə elə buna görə "ana dili" deyirik.

Dilimiz ana, yurdumuz atadır.

Fikrimcə, "Ata yurdu" ifadəsi dilimizin və düşüncəmizin ən qutsal və ən enerjili sözlərindəndir.

Keçmiş var, doğmalıq var, inam, etibar, ümid, səbr, borc var bu deyimin məzmununda.

Atamın, dədəmin yurduna- soyadım Şahsuvar babamın torpağa qarışmış ocağına ilk dəfə ayaq basdığım anları çox yaxşı xatırlayıram.

Laçının işğalından illər öncə idi. 7-8 yaşım ancaq olardı. 9-a and içmirəm, amma 10 yox idi dəqiq.

Yay tətilində Laçına- Qarıqışlağa getmişdim. Qohum uşaqlar və onların sinif yoldaşları ilə kənddə, loru dildə desəm, veyillənirdik.

Bir neçə məhəlləsi var Qarıqışlağın. Biz Eyvazlıyıq. Eyvazlı məhəlləsindən keçəndə qara şallı bir qarı səsləndi:

- Müzənfərin (yerli ləhcədə "Müzəffər" adı belə tələfüz olunurdu) nəvəsi yanınızdadırmı?

Yanına çağırıb boynumu qucaqladı, üzümdən öpdü.

Bu gün də kim olduğunu dəqiq bilmədiyim o qara şallı, gözünün ağı qarasına, qarası alalığına qarışmış qarı əlimdən tutub məni düz bu yerə- şəkildə gördüyünüz, atam və oğlumla üstündə oturduğumuz daşların yanına apardı:

"Sizin dədə yurdunuz buradır, Şahsuvarın qara damının yeridir"- dedi.

Bir andaca bütün genetik yaddaşım oyandı. Qəfil özümü tamam başqa aləmdə, tamam başqa ruh halında hiss etdim. Bu dünyadan qopdum. Qarı nənə yəqin ki nələrsə danışır, bəlkə də dədələrim Müzəffərdən, Abışdan, Şahsuvardan, Nəcəfalıdan, bu ocağın külünü daşımış, çırağını yandırmış nənələrim Bənövşədən, Gərəkməzdən söz açırdı. Heç birini eşitmədim.

Hər dəfə o anları xatırlayanda mənə gələn o misilsiz enerjini rasional bir şəkildə izah edə bilmirəm.

Aşağı-yuxarı 40 il keçib üstündən. Azdan-çoxdan ömür yaşamışıq, dünya görmüşük, kitab oxumuşuq. Genetik çağırışlar yön verir bizə. Yurd yerinin cazibəsinin heç nə ilə müqayisə etmək mümkün deyil.

Gecələr yuxumda görər, dik atılardım.

30 il boyunca həsrətimizi xatirələrimizlə ovutduq.

İllər öncə bir roman yazmağa başlamışdım. Bir-iki səhifə yazır, amma hər dəfə başa düşürdüm ki, niskil mətni ağuşuna alır. Dayandırdım.

Dörd il öncə niskildən qurtulduq.

Laçın 28 illik işğaldan azad oldu.

Mayda atamı, oğlumu da götürüb Laçına, Qarıqışlağa, Eyvazlı obasına, Şahsuvarın qara damına getdim. Bizim məbədimiz, ziyarətgahımız oradır.

Gəloxçu elini doya-doya dolaşıb Bərdəyə qayıtdıq.

Bərdədə Özgür dedi:

- Ata, biz dədəmin yurduna getdik ey, Laçında...
- Hə, oğlum...- nə deyəcəyini gözlədim.
- Mən orada çox qəribə hisslər keçirdim. Bir anlıq hər şeyi unutdum, elə bil gücləndim!

Bu gün Laçın günüdür.

Laçının işğaldan azad olunması şəxsən mənim üçün genetik yaddaşımın əsarətdən qurtulmasıdır!

Taleh ŞAHSUVARLI