"Bilirdim ki, Laçına çatıblar" - Laçının Qarıqışlaq kənd məktəbinin direktoru

1 Dekabr 2024 22:29 (UTC+04:00)

AzNews.az analitik-informasiya portalının suallarına Laçın rayonu, Polad Məmmədov adına Qarıqışlaq kənd məktəbinin direktoru Rəfail Mirzəyev cavab verir

- Rəfail müəllim, bu gün Laçın günüdür. Laçının işğaldan azad olunmasından 4 il keçir. Bu münasibəti ilə Sizi təbrik edirik. Laçının işğaldan azad olunmasından necə xəbər tutdunuz?

- Laçının işğaldan azad olunacağını 44 günlük müharibənin birinci günündən bilirdim. Bilirdim ki, Laçın işğaldan azad olunacaq. Çünki mən hələ ondan əvvəl də həmişə şagirdlərimizə, müəllimlərimizə və kənd camaatına deyirdim ki, mütləq biz Laçına qayıdacağıq. Sonuna qədər dövlətimizə və prezidentimizə inanırdım. Bizim kəndin uşaqlarından ikinci Qarabağ savaşında döyüşənlər var idi. Bilirdim ki, Laçına çatıblar. Noyabrın 9-da gecə cənab Prezidentin dilindən eşitdim ki, Qarabağ işğaldan böyük ölçüdə azad olunub. Müharibə dayandı, ermənilər təslim oldular. Bu sözləri eşidəndə yaşadığım sevinci sözlərlə ifadə etmək mümkün deyil.

-Məcbur köçkün həyatı təkcə maddi baxımdan yox, mənəvi-psixolji baxımdan da çətindir. 28 il ömrünüzdən necə getdi?

- 28 ilin ömrümüzdən necə getdiyi sözlə ifadə olunası bir şey deyil. Sadəcə olaraq, bu 28 ildə mən bir dəfə də olsun, hazırda məskunlaşdığımız ərazidə yuxu görməmişəm. Nə yuxu görmüşəmsə, Laçının Qarıqışlaq kəndində yaşayanda görmüşəm. Gördüyüm yuxularda bütün hadisələrin hamısı öz kəndimizdə- Qarıqışlaqda baş verib. 28 il biz zülm çəkdik, sözün əsl mənasında zülm.

- Siz təcrübəli müəllimsiniz. Uzun illərdir ki, məktəb direktorusunuz. Məcburi köçkünlük dövründə doğulan uşaqlar, Sizcə, nə qədər Laçınlıdır?

- Mənim üç övladım var. Üçü də köçkünlük dövründə doğulublar. Düzü, onlara “Laçınlı” deməyə əvvəl dilim gəlmirdi. Çünki Laçını vətən kimi, yurd kimi yaşamamışdılar. Əvvəl Laçınla bağlı xəbərlərə televizorda baxırdılar, çox da dərk etmirdilər. Ancaq indi elə deyil. Hazırda oğlum Laçında yaşayır. Nə də olsa, qan çəkdi və uşaqların hamısı Laçına getdi. Laçından da gəlmək istəmədilər. Bu saat kifayət qədər bizim kəndimizdən uşaqlar var ki, Laçındadırlar. Eləsi var ki, ümumiyyətlə, işləmir, ancaq orada qalırlar. Çox şükür, hamısı laçınlı kimi Laçında qalmaq istəyir.

- Mənsub olduğunuz Qarıqışlaq kəndi Zəngəzurun ən tarixi obalarından biridir. Kəndə getmisinizmi?

- Bəli, getmişəm. Bizim kəndimizdə xeyli mədəni abidə ilə yanaşı, kahalar, daldalanacaqlar var. İnanırsınız, mən bu saat Qarıqışlaq kəndində kahalarda gedib yaşamağa razıyam. Məmnuniyyətlə gedib orda yaşayaram. Həmin günü səbirsizliklə gözləyirəm. Bir gün desinlər ki, Qarıqışlağa köç başladı. Oraya birinci gedən mən olaram. Heç nəyi fikirləşmədən gedərəm. Quru çörək yeyərəm, ancaq orada yaşamaq istəyirəm.

-Gəloxçu elləri yerindəmi?

- Bizim kəndin camaatı Gəloxçu tayfasına mənsubdur. Gəloxçularun mətəsi Qarıqışlaqdır. Gəloxçular həmişə öz yurduna, xalqına, dövlətinə sadiq adamlar olublar. Bizim çox hörmətli tarixçilərimiz bu haqda məlumatlar veriblər. Qarıqışlaqdan nə vaxtsa gedən gəloxçular da daha sonra qayıdıb elinə dönməyə çalışıblar. Elə hesab edirəm ki, harada yaşamasından asılı olmayaraq, bizim camaat mütləq Gəloxçuluğunu, Gəloxçu xarakterini həmişə qoruyub saxlayırlar.

-İşğal dövründə ermənilər Qarıqışlaqda qanunsuz, müharibə cinayəti sayılan məskunlaşma aparıb. Kəndin adını da dəyişib "Tandzut" qoymuşdular. Əsl Qarıqışlaqlı kimi, torpağın həqiqi və tarixi sahibləri kimi həmin qondarma "Tandzut"lulara- Suriya, Livan ermənilərə nə deyərdiniz?

- Onlara birinci sözüm odur ki, necə deyərlər, özgə atına minən tez düşər. Bu atalar sözünü heç vaxt unutmasınlar. Unutmasınlar ki, onlar öz hesablarına heç nə etməmişdilər. Aydın məsələdir ki, onlar Qarabağı xarici qüvvələrin köməyi ilə işğal etmişdilər. Ermənilər həmişə biz türklərdən çəkinib. Həmişə biliblər ki, türklərlə bacarası deyillər. Ümumiyyətlə, heç bir xalqla da bacarmayıblar. Çünki ermənilərin daimi torpağı, milli keyfiyyətləri, dövlətçilik ənənəsi olmayıb. Onlara demək istəyirəm ki, Laçın tarixi Azərbaycan torpağıdır. Bizim kəndimizdə daş üstdə daş qalmayıb. Bura onların tarixi vətəni olsaydı, bu qədər dağıntı, fəlakət törətməzdilər.

- Qayıdış planına əsasən Qarıqışlaq bərpa olunacaq. Yeni Qarıqışlaqda həyatı necə təsəvvür edirsiniz?

- Qarıqışlaqdakı həyatı necə təsəvvür etməyimdən, necə olmasından asılı olmayaraq orada yaşamaq istəyirəm. Sadəcə, bu aydın məsələdir ki, o vaxt ki, Qarıqışlağın meyvə bağlarını yenidən bərpa edə, oradakı həyatı əvvəlki axarına qaytara bilməyəcəyik. O bağların yenidən əmələ gəlməsi müəyyən vaxt aparacaq. Ancaq əsas məsələ odur ki, Qarıqışlağın havası, suyu yerindədir. Deyərdim ki, həyat əvvəlkindən bəlkə də daha yaxşı olacaq. Lakin əvvəl olan, bizim yaşadığımız dövrdəki kənd həyatı olmayacaq. Qismət olar, yaşayarıq, görərik. Təki bizə qismət olsun, tezliklə gedib Qarıqışlaq da məskunlaşaq. Keçən ay kəndimizə getmişdim. İnanırsınız, adam gəlmək istəmir. Hər kəs, bütün Qarıqışlaq camaatı bunu arzulayır. Kəndimiz böyük kənddir. Bu boyda kənddə bir nəfər adam da yoxdur desin ki, mən getmək istəmirəm. Bir nəfər kimi öz kəndimizə qayıtmağı gözləyirik.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” sahəsi üzrə hazırlanıb.