BMT-nin Haaqa Məhkəməsi yarandığı gündən bəri ilk dəfə bu gün iqlim dəyişikliyi ilə bağlı dinləmələrə başlayacaq.
BMT-nin ali məhkəmə orqanı ilk dəfə dövlətlərin ekoloji problemlərə görə məsuliyyəti və planetin qorunması ilə bağlı öhdəliklərinə dair məsələlərə baxacaq.
İclas Vanuatu və həssas ada dövlətləri olan Fici, Papua-Yeni Qvineya və Solomon adaları, eləcə də İndoneziya və Timor-Lesteni təmsil edən Melaneziya Təşəbbüs Qrupunun bəyanatı ilə açılacaq.
Dinləmələrin keçirilməsində məqsəd ətraf mühitin istixana qazı tullantılarından mühafizəsi üçün "hüquqi plan"ın yaradılması və bu öhdəlikləri yerinə yetirməyən ölkələr üçün nəticələrin müəyyən edilməsidir. Dinləmələrdə 98 ölkə, 12 təşkilat və qrupun nümayəndələri iştirak edəcəklər ki, bu da məhkəmə tarixində bu cür ən böyük toplantıdır. Onların arasında istixana qazı tullantılarının ən böyük mənbəyi olan üç ölkə - Çin, ABŞ və Hindistan da var.
İki həftəlik dinləmələrin sonunda təşkilatların, o cümlədən Avropa İttifaqı və Neft İxrac edən Ölkələr Təşkilatının bəyanatla çıxış edəcəyi gözlənilir.
Dinləmələr Azərbaycanda baş tutmuş BMT-nin COP29 iqlim konfransından sonra keçirilir. Həmin konfransda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin maliyyələşdirilməsi üçün 2035-ci ilə qədər illik 300 milyard dollar ayırmağı öhdələrinə götürüb.
Bu dinləmələrin nəticələri iqlimlə bağlı gələcək məhkəmə prosesləri və beynəlxalq siyasət üçün mühüm hüquqi əsas yarada bilər ki, bu da potensial olaraq qarşıdakı illər üçün iqlim böhranına qlobal cavabı müəyyən edə bilər. (report)
AzNews.az