Fransanın Afrikadakı tənəzzülü... Anti- Fransa əhval- ruhiyyəsi artır

2 Dekabr 2024 17:39 (UTC+04:00)

Fransanın Afrikadakı böyük müstəmləkə nizamı sarsılır...

Afrikalılar artıq illərlə müstəmləkəçilik zehniyyətini davam etdirən fransızlara tabe olmurlar.

Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdikdən dərhal sonra Seneqal prezidenti Bassirou Diomaye Faye-nin ölkəsindəki daimi fransız bazasını bağlamaq istəyi Fransanın keçmiş müstəmləkələrinə təsirinin getdikcə zəiflədiyini bir daha ortaya qoydu.

Fransanın Qərbi Afrikada Mali ilə başlayan, Burkina Faso və Nigerlə davam edən hərbi varlığına reaksiya, ən sabit Afrika ölkələrindən biri olan Seneqalda da özünü göstərdi.

Mart ayında seçilən prezident Bassirou Diomaye Faye seçki kampaniyası zamanı və ondan sonra Fransa ilə münasibətlərə yenidən baxmaq istəyini vaxtaşırı bildirib.

Faye və baş nazir Ousmane Sonkonun rəhbərlik etdiyi hökumətin Fransa bazası ilə bağlı verdiyi açıqlamalar bu mövzuda Seneqaldan addım atıla biləcəyinə işarə edirdi.

Anti-Fransa əhval-ruhiyyəsi seçki kampaniyasının ən mühüm sütunlarından birini təşkil etdiyinə görə, Faye prezident olduqdan sonra ən qısa zamanda bu məsələ ilə bağlı hərəkətə keçəcəyi gözlənilirdi.

Noyabrın 28-də Fransa mətbuatına eyni vaxtda müsahibə verən Faye müstəqil və suveren bir ölkədə heç bir əcnəbi əsgərin olmaması lazım olduğunu bildirərək, Fransa bazasını bağlamaq niyyətində olduqlarını bildirib.

Həmin gün Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb.

AFRİKADA FRANSANIN HƏRBİ BAZALARI

Hazırda Fransanın Afrikada Cibuti, Çad, Qabon, Fil Dişi Sahili və Seneqalda daimi hərbi bazaları var.

Fransanın ən mühüm bazası sayılan Cibutidə 1500, Çadda 1000, Fil Dişi Sahilində 600, Qabon və Seneqalda 350 fransız əsgəri xidmət edir.

Rəsmi olaraq açıqlanmasa da, Fransa prezidenti Emmanuel Makronun Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokelin hazırladığı və Makrona təqdim etdiyi hesabatda bu bazalardakı əsgərlərin sayının azaldılması ilə bağlı tövsiyənin yer aldığı bildirilir.

Məlumata görə, Çaddakı əsgərlərin sayı 300-ə, Qabon, Fil Dişi Sahili və Seneqalda isə 100-ə endirilə bilər.

Hesabatda 1977-ci ildə qurulan Cibutidəki Encemine hərbi bazası ilə bağlı qoşunların azaldılması ilə bağlı hər hansı tövsiyə yer almayıb.

Mövsüm

AzNews.az