Azərbaycanda ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

4 Dekabr 2024 12:38 (UTC+04:00)

2025-ci ildən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən keçməli və audit hesabatlarını açıqlamalı olacaqlar.

Bunu AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Nağdsız ödənişlərin artması fırıldaqçıların bu sahəyə marağını artırır. Fırıldaqçılıq halları ilə mübarizə tədbirlərinin genişləndirilməsi zəruridir. Gücləndirilmiş müştəri audentifikasiya (GMA) tətbiqi qaydasının da əsas məqsədi banklar üzrə xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsidir. Bu qaydanın qüvvəyə minməsi ilə əlaqədar banklar, eləcə də digər ödəniş xidməti təşkilatları üçün müəyyən edilmiş xüsusi tələblərdən biri ildə bir dəfə auditdən keçməkdir. Onlar 2025-ci ildən başlayaraq həmin audit hesabatlarını təqdim etməlidirlər", - deyə o qeyd edib. (report)

AzNews.az