Politoloq: "Rusiya açıq şəkildə Qərbə meydan oxuyur"

4 Dekabr 2024 12:41 (UTC+04:00)

Rusiya 2025-ci il dövlət büdcəsinin 32,5 faizini hərbi xərclərə ayıracaq. Bu, Rusiya tarixində rekord hesab oluna bilər. Sonuncu dəfə belə göstərici 1941-ci ildə olmuşdu”.

“Vladimir Putinin bu qərarı müəyyən dərəcədə gözlənilən olsa da, ancaq bu qədər yüksək rəqəmin ortaya çıxması bir az təbii ki, dünyada heyrətlə qarşılanıb. Belə ki, Rusiya büdcəsinin üçdə biri, 13,2 trilyon rubl dollarla ifadə etsək, 142 milyardlıq büdcəni müdafiə xərclərinə ayıracaq. 1991-ci ildə Sovet İttifaqının çökməsindən sonra Rusiyanın hərbi büdcəsi heç zaman belə olmayıbdır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

Siyasi şərhçi qeyd edib ki, Putinin bu qədər ciddi rəqəmdə hərbi məsələlərə, müdafiə xərclərinə pul ayırması onu göstərir ki, Rusiya açıq şəkildə Qərbə meydan oxuyur.

“Rusiyanın maddi qaynaqları hələ də tükənməyib. Xatırlayaq ki, Sovet İttifaqı ilə Qərb arasında “Soyuq müharibə” dövründə Sovet İttifaqının vacib işlərindən biri ciddi şəkildə hərbi komplekslərə pul xərcləməyi idi. Xüsusən son illər, 1980-ci illərdə bu Sovet İttifaqı üçün ciddi problemlərə çevrilmişdi. Rusiya təbii ki, bunun təcrübəsini yaşadı. Lakin Putin bu addımı ilə göstərmək istəyir ki, Rusiya bu gün heç də Sovet İttifaqından geri qalan maddi gücə sahib deyil. Yəni hətta bu gün büdcəsinin üçdə birini də buna ayıra və kifayət qədər ciddi məbləğ ortaya qoya bilər. Bu da Qərb üçün Rusiyanın bu məsələ də ciddiyyətini göstərən bir siqnaldır. Digər tərəfdən bunun uzun müddət davam etməsi Rusiya iqtisadiyyatı üçün çox ciddi mənfi siqnallara səbəb olar. Hesab edirəm ki, 2026 -2027-ci il büdcəsində müəyyən azalmalar olacaqdır. Lakin xüsusən bu qədər yüksək rəqəmdə müdafiə xərclərinə ayrılan büdcə Rusiyada ciddi hərbi islahatlardan xəbər verir”.

Rəfiqə NAMAZƏLİYEVA