Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Gürcüstanda baş verənlər və onun Azərbaycandakı ictimai-siyasi proseslərə təsiri barədə fikirlərinizi bilmək istərdik...
- Gürcüstanda Prezident, seçkiləri uduzmuş müxalif siyasi partiyalarla birlikdə “seçkilər saxtalaşdırılıb” iddiası ilə antikonstitusion yolla çevriliş edib hakimiyyəti dəyişmək istəyir. Seçkilərin nəticələrini müxalifət tərəfdarları da daxil olmaqla xalq qəbul etdi. Çünki seçkiləri müşühidə edən ATƏT-in müşahidə missiyası da nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını bəyan etdi. Müxalifət də belə bir sübutları ortaya qoya bilmədi. Ona görə seçkidən sonra müxalifətin çağırdığı etiraz aksiyasına bir neçə min adam qoşuldu. Vəziyyəti gərginləşdirən gənc Baş nazir Kobaxidzenin Avropa Birliyi ilə üzvlüyə dair danışıqların 2028-ci ilə qədər dayandırılması barədə verdiyi açıqlama oldu. İndi küçələrdə etiraz edənlər əsasən Qərbdən maliyyələşən ictimai fəallar və Avropa Birliyinə inteqrasiya tərəfdarlarıdır. Belələri iqtidar daxilində və dövlət hakimiyyət orqanlarında da az deyil. Mənim yanaşmam həmişə ondan ibarət olub ki, qonşularımız bizimlə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyəcəksə, biz bu istiqamətdə ikiqat artıq səy göstərməliyik. Həmin ölkədə hansı siyasi rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Biz başqa ölkələrin daxili işlərinə qarışmasaq da antikonstitusion yolla hakimiyyət dəyişikliyinin əleyhinəyik. Amma Gürcüstanda real hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlıq etməliyik. Əfqanıstan nümunəsi göz önündədir.
Baş verənlərin bizə təsirinə gəldikdə isə onu deyə bilərəm ki, bu, bizim cəmiyyəti daha sıx birləşdirir və birləşdirməlidir. 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyam, hansı kı, hakimiyyət dəyişikliyinə gətirdi, dövlətçiliyimizi dağılmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qoydu, Azərbaycanın digər bölgələrində də separatizm baş qaldırdı, torpaqlarımız işğal olundu. O zaman xalqın geniş dəstəyinə sahib, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ölkəmizi sözün əsl mənasında xilas etdi. İndi ikinci Heydər Əliyev də yoxdur və xalqımız bunu gözəl başa düşür. Konstitusiyaya zidd istənilən hakimiyyət dəyişikliyi cəhdi Azərbaycanı məhv edər, əldə etdiklərimizi bir an içərisində itirə bilərik. Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir. Ona görə iqtidarı həmişə islahatlara çağırıram. Çünki ölkəmizdə islahatları dərinləşdirmək üçün xalqın ciddi dəstək verdiyi prezident, ictimai-siyasi sabitlik, müəyyən maliyyə ehtiyatı, əlverişli beynəlxalq şərait var.
- Əli Kərimlinin cərimələnməsini necə qarşıladınız?
- İsənilən partiya sədrinin məsuliyyətə cəlb olunması yaxşı hal deyil. Amma Əli Kərimli ilə bağlı baş verənlər ədalət mühakiməsinin həyata keçirilməsindən daha çox Qərbin ona inamını bərpa etməyə, əzabkeş kimi müxalif cameədə onu önə çıxarmağa yönəlmişdi. İkili, üçlü oyun oynayan Əli Kərimli seçkilərə qatılmamaqla Qərbdəki, elə həm də müxalif dairələr arasında dəstəyini, ona olan kiçicik etimadı da itirmişdi. Ona görə Qərdə sığınacaq tapmış bəzi blogerlər onun üzərinə düşmüşdü, yaxud salınmışdı. Hakimiyyət də bunu görürdü və ona lazım idi ki, Qərb Azərbaycanla bağlı nə etmək istədiyini Əli Kərimli ilə bölüşsün və radikal qüvvələrin başında o dayansın. Bütün baş verənlərdə əsas məqsəd bu idi və ilk gündən bunu deyirəm. Hesab edirəm ki, hakimiyyət qismən də olsa istədiyinə nail oldu.