“Son günlər rəsmi İrəvanın silahlanma xəttini gücləndirdiyi haqda iddialar dolaşır. Bildirilir ki, Ermənistanda revanşizm meyilləri yenidən artıb. Savaş terminologiyasına isə yeni ifadə daxil olub – “kiçikmiqyaslı uğur müharibəsi”. Əsas versiya bundan ibarətdir ki, Qərb Paşinyanı “kiçik hərbi uğura” inandırmağa çalışır”.
“ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün bu regionda növbəti dəfə savaşa ehtiyac duyurlar. Ona görə də Qərb siyasi dairələri ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı geopolitik müstəmləkəsi olan Ermənistanı silahlandıraraq növbəti savaşa doğru sürükləyirlər. Əsas məqsəd də ondan ibarətdir ki, növbəti savaşı bəhanə edərək Cənubi Qafqazda hərbi kontingent yerləşdirmək bəhanəsi qazanmış olsunlar. Eyni zamanda bununla Azərbaycanı çətin vəziyyətə salmaq, təzyiqlər yolu ilə Qərbin maraqlarına doğru yönəltmək niyyəti güdürlər. Əslində kiçik miqyaslı uğur müharibəsi modeli Ermənistan Təhlükəsiz Şurasının katibi Armen Qriqoryan tərəfindən Qərbə təklif olunub”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Siyasi şərhçi qeyd edib ki, NATO-nun hərbi rəhbərliyi ilə qapalı toplantıda Armen Qriqoryan təklif edib ki, Ermənistana Azərbaycanla növbəti dəfə savaş üçün imkanlar yaradılsın.
“Qərb Ermənistanı Azərbaycanla növbəti savaşda dəstəkləsin. Bununla da Ermənistan Cənubi Qafqazdakı geopolitik situasiyanı öz xeyrinə dəyişmək imkanları qazana bilsin və bunun da nəticəsində sülh danışıqları masasında Ermənistanın guya əlinin güclənməsinə nail olunsun. Rəsmi İrəvan bu təkliflərini NATO-ya Qərbin Cənubi Qafqazdakı mövqelərinin möhkəmlənmə modeli kimi təqdim etməyə çalışır. Hətta Ermənistan NATO-nun Cənubi Qafqazda cənub cinahı kimi fəaliyyət göstərməyə hazır olduğunu da büruzə verir. Bu barədə müəyyən mesajlar Qərbə ötürülüb Qərbə. İndiki situasiyada Ermənistanın sürətlə silahlandırılması şəraitində növbəti savaş ehtimalı qətiyyən istisna deyil. Ancaq bu savaşda Azərbaycan nöqtə zərbələri ilə düşmənin hərbi obyektlərini sıradan çıxara bilər. Çünki Azərbaycan ordusunun belə bir imkanları təbii ki, var. Lakin Azərbaycanın Ermənistan ərazisinə indiki situasiyada girmə ehtimalı qətiyyən inandırıcı deyil. Azərbaycan belə bir addım atmaz. Çünki mövcud beynəlxalq situasiya buna imkan vermir, bir qədər riskli xarakter daşıyır. Ona görə də Azərbaycan Ermənistanın hərbi təxribatlarına sərt şəkildə əks zərbələrlə cavab verməyə üstünlük verə bilər. Xüsusilə də Ermənistanın hərbi potensialının sıradan çıxarılması üçün nöqtə və dəqiq zərbələrlə həmin hərbi obyektlərin sıradan çıxarılması ön planda tutula bilər. Ancaq Azərbaycanın Ermənistan ərazisinə girmə ehtimalı yoxdur. Çünki böyük ehtimalla həm Qərbdə, həm də Ermənistanda Azərbaycanın belə bir addım atmasını məmnuniyyətlə qarşılayırdılar. Bu halda Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artırılması üçün, eyni zamanda, Ermənistanda açıq şəkildə Qərb ölkələrinin hərbi bazalarının yaradılması üçün real bəhanələr yaranmış olardı”.
“Böyük ehtimalla rəsmi Bakı Qərb siyasi dairələrinə və Ermənistana belə bir bəhanə verməz. Azərbaycan ordusu məsafədən zərbələrlə Ermənistanın hərbi potensialını sıradan çıxarmaqla problemi həll etmək imkanındadır. Bu baxımdan hesab etmək olar ki, Ermənistan çox təhlükəli bir oyun başlamaq niyyətindədir. Bu təhlükəli oyun indiki situasiyada Ermənistanın özünün əleyhinə çevrilmiş olacaq. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, orada fəaliyyətini dondurub. Düzdür, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısındakı hərbi öhdəlikləri öz hüquqi qüvvəsini saxlayır. Ancaq təxribat Ermənistan tərəfindən törədilərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş verənlərə müdaxilə ehtimalı olmayacaq. Belə anlaşılır ki, Ermənistan çox riskli addımlar atmaq niyyətindədir və bu, onun üçün çox baha başa gələ bilər”.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az