Çində yeni insan növü kəşf edilib

6 Dekabr 2024 16:27 (UTC+04:00)

Şərqi Asiyada Son Dördüncü dövrə aid insan qalıqları əvvəllər düşünüldüyündən daha çox morfoloji müxtəliflik nümayiş etdirir.

Son illərdə aparılan araşdırmalar bu bölgədə tək bir növün deyil, birdən çox fərqli insan növünün fosillərinin olduğunu ortaya qoyur.

Bu yeni növlərə Homo floresiensis, Homo luzonensis, Homo longi və ən yeni Homo juluensis daxildir.

DİGƏR FOSIL QRUPLARINA BAĞLI YENİ NÖVLƏR

Son iki onillikdə aparılan arxeoloji qazıntılar və ətraflı fosil analizləri Şərqi Asiyada insanın təkamülü haqqında biliyi əhəmiyyətli dərəcədə artırıb.

2004-cü ildə İndoneziyanın Flores adasında kəşf edilən Homo floresiensis kiçik ölçüsünə görə "hobbit" adlanır .

Homo luzonensis 2019-cu ildə Filippinin Luzon adasında tapılıb.

Tədqiqatçılar Çinin şimalındakı Xujiayao və Xuchang bölgələrində tapılan fosillərə əsaslanaraq Homo juluensis adlandırdıqları yeni insan növünü təsvir ediblər.

Bu kəşf bizim insan təkamülü haqqında mövcud biliklərimizi dərinləşdirir və təxminən 300-50 min il əvvəl Orta Pleystosen dövründə hominin müxtəlifliyini daha yaxşı təsvir etməyə imkan verir.

HOMO JULUENSİSİN XÜSUSİYYƏTLƏRİ

Bu növ təxminən 220 min ilə 100 min il əvvəl yaşayıb və böyük beyin həcmi və qalın sümük strukturları ilə diqqəti çəkir. Xujiayaoda aparılan qazıntılar zamanı 10 şəxsə aid fosil və 10 mindən çox daş alət tapılıb.

Fosillərin xüsusiyyətləri bu populyasiyanın müxtəlif hominin növləri arasında genetik mübadilə nəticəsində meydana gəldiyini və hibridləşmənin Asiyada insanın təkamülündə mühüm rol oynadığını göstərir.

ELMİ MÜZAKİRƏLƏR VƏ YENİ NÖVLƏRİN ADI

Homo juluensis hələ bütün elm aləmində qəbul edilməmişdir. Londondakı Təbiət Tarixi Muzeyindən Kris Strincer bu növün Homo longi ilə üst-üstə düşə biləcəyini bildirir, Viskonsin Universitetindən paleoantropoloq Con Havks isə bu adlandırmanın fosil qeydlərini daha yaxşı təsnif etməyə kömək edəcəyini müdafiə edir.

Mövsüm

Aznews.az