Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb

8 Dekabr 2024 11:44 (UTC+04:00)

Millip Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.

“Report”un Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyətini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.