Bakıya sulu qar yağacağı gözlənilir

11 Dekabr 2024 17:58 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

AzNews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

O bildirib ki, yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

"Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir", - deyə o vurğulayıb.