Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur

12 Dekabr 2024 12:56 (UTC+04:00)

Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:

"Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".

Nazir həmçinin xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:

"Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı olub və məsələni daha da mürəkkəbləşdirib. Belə ki, Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Bu isə vəziyyəti mürəkkəbləşdirir. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur".