"Ermənistan yaxın gələcəkdə geopolitik direktivləri Bakıdan almaq məcburiyyətində qalacaq" - Elçin Xalidbəyli

13 Dekabr 2024 18:30 (UTC+04:00)

“Dünyanın bir çox regionlarında münaqişələr alovlanıb. Rusiya-Ukrayna müharibəsi, İran-İsrail gərginliyi, Suriyada Bəşər Əsədin devrilməsinə səbəb olan müharibə, Gürcüstanda etiraz aksiyaları buna misal ola bilər”.

“Məsələyə ümumi yanaşmalı olsaq, Cənubi Qafqazdakı maraqlı olan hər hansı bir dövlətin başqa bir regionda başının qarışması, təbii ki, Azərbaycanın maraqlarına tamamilə cavab verir. Çünki Azərbaycan Cənubi Qafqazda bu regiondan kənar ölkələrin iştirakını haqlı olaraq istəmir. Belə ölkələrin sırasında təbii ki, həm Amerika Birləşmiş Ştatları, Avropa Birliyi eyni zamanda Rusiya və İran da var. Rusiya- Ukrayna savaşında ciddi şəkildə zəiflədilib və ona görə də Əsəd rejiminə dəstək verməkdə çətinlik çəkdi. Öz hərbi bazalarını Suriya ərazisindən çıxarmaq məcburiyyətində qalıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, İran da Yaxın Şərq geopolitik proseslərdə məğlub duruma düşüb və İranın proksi qüvvələri ciddi sarsıdıcı zərbələr alıblar.

“Artıq Yaxın Şərqdəki proseslərə təsir göstərmək imkanlarını itirmək üzrədir. Həmçinin İranın dəstəklədiyi Əsəd rejimi də sıradan çıxarılıb və bununla da İranın Yaxın Şərq üzrə geopolitik manevr imkanları daha da daralıb. Təbii ki, bu, İranın zəifləməsinə yol aça biləcək bir prosesdir. Zəifləmiş Rusiya və İranın Cənubi Qafqaza təsir imkanlarının məhdudlaşacağı da qətiyyən şübhə doğurmur. Şübhəsiz ki, bu Azərbaycanın maraqlarına tamamilə cavab verir. Çünki Azərbaycan Cənubi Qafqazın geopolitik iradə mərkəzidir və kənar müdaxiləni qətiyyən istəmir. Bu baxımdan Rusiya və İranın Cənubi Qafqaza müdaxilə imkanlarının məhdudlaşması bunun paralelində Ermənistan üçün də əlverişsiz situasiya yaradır. Çünki İran Ermənistanın əsas dəstəkçiləri sırasında yer alır. İranın zəifləməsi Ermənistanın daha bir ümid qaynağının aradan qalxması ilə nəticələnir. Ermənistan nəhayət anlamalı olacaq ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır. Ona görə də Ermənistanın böyük ehtimalla yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılmasına da imkan yaratmaq məcburiyyətində qalacaq və İranın indiki situasiyada Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərmək imkanları da zəifləyib. Buna görə də Ermənistan növbəti dəfə geopolitik proseslərdə təklənməyə doğru irəliləyir. ABŞ və Qərbin Ermənistana dəstəyinə gəldikdə isə Tramp administrasiyasının Ermənistana, Bayden administrasiyası qədər dəstək verəcəyi qətiyyən inandırıcı görünmür. Yəni Ermənistan yaxın gələcəkdə geopolitik direktivləri məhz Bakıdan almaq məcburiyyətində qalacağı barədə ehtimallar irəli sürmək mümkündür”.

Rəfiqə NAMAZƏLİYEVA