Azərbaycanda “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiqlənib

19 Dekabr 2024 12:43 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədini təsdiqləyib.

AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sənəd beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.

Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur.

Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub.

Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər fonunda təkmilləşdirilməsi davam edən bir prosesdir. Bu səbəbdən də çərçivə sənədində AMB-nin hazırda istifadə etdiyi alətlərlə yanaşı, gələcəkdə tətbiq oluna biləcək makroprudensial alətlərə dair məlumatlar da təqdim edilir.

Sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olmaq lazımdır.