Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar verəcəyini açıqlayıb.
Ştaynmayer verdiyi yazılı açıqlamada hökumətin möhkəm parlament çoxluğu imkanının olmaması üçün bir neçə gündür Bundestaqdakı partiyaların qrup liderləri ilə görüşlər keçirdiyini bildirib.
Prezident Ştaynmayer Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq Almaniya Bundestaqının buraxılması ilə bağlı qərarı dekabrın 27-də qəbul etmək niyyətində olduğunu bəyan edib.
Kansler Şolz Bundestaqdan etimad səsi ala bilməyib
Almaniya kansleri Olaf Şolz erkən ümumi seçkiyə zəmin yaratmaq üçün dekabrın 16-da Federal Məclisdə etimad səsverməsi tələb etsə də, səsvermədə etimad səsi ala bilməyib.
Səsvermədən sonra Şolz prezident Ştaynmayerə parlamenti buraxmağı təklif edib və bundan sonra prezident Bundestaqdakı partiyaların qrup liderləri ilə danışıqlara başlayıb.
Hökumət buraxıldı
Kansler Şolz Almaniyadakı hökumət tərəfdaşları, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) nümayəndələri ilə keçirdiyi görüşdə FDP sədri olan maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.
İclasdan sonra FPD hökumətdən nazirlərini geri çəkib və rənglərinə görə "işıqfor koalisiyası" adlandırılan hökumət dağılıb.
Şolz həmçinin erkən seçkilərə yol açmaq üçün parlamentdən etimad səsverməsi tələb edəcəyini açıqlayıb.
Ölkədə hökumətin buraxılmasından sonra SPD, Yaşıllar və ana müxalifətdəki Xristian Birlik (CDU/CSU) partiyalarının parlament qrupları 23 fevral 2025-ci il tarixində keçiriləcək seçki tarixi ilə bağlı razılığa gəliblər.
Seçki tarixi ilə bağlı yekun qərarı prezident Ştaynmayer verəcək, lakin partiyalar artıq növbədənkənar seçkilər üçün işə başlayıblar.
Digər tərəfdən, yeni hökumət qurulana qədər, Baş nazir Şolzun liderliyində SPD və Yaşıllardan ibarət azlıq hökuməti vəzifəsini davam etdirəcək.
Mövsüm
Aznews.az