Elnur Səfərli: "Milli Observatoriya Qarabağdakı iş adamlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayıb"

23 Dekabr 2024 12:11 (UTC+04:00)

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya son üç ildə 50-dən çox təhlil və tədqiqat həyata keçirib.

Bunu Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Milli Observatoriya əmək bazarını izləmək və ixtisaslarla bağlı gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün dörd əsas istiqamətdə fəaliyyət göstərir: təhlil və tədqiqat, sorğu və monitorinq, qiymətləndirmə, təlim və inkişaf.

“Biz orta məktəblərdən başlayaraq ali təhsil sistemi, peşə təhsili və iş dünyası ilə sıx əməkdaşlıq edirik. Bu istiqamətdə müxtəlif maraqlı tərəflərlə birgə təhlil və tədqiqatlar aparırıq. Milli Observatoriya, Beynəlxalq Standartlaşma Təşkilatı tərəfindən sorğu aparma sertifikatı alan Cənubi Qafqazda yeganə qurumdur. Dünya standartlarına uyğun olaraq həyata keçirdiyimiz sorğulara iş dünyasını da daxil edirik”, - deyə E. Səfərli vurğulayıb.

O əlavə edib ki, sorğular masaüstü araşdırmalar və sahə tədqiqatları olmaqla iki formada aparılır: "Məsələn, işğaldan azad edilmiş ərazilərdəki iş adamlarının problemləri, xarici mütəxəssislərin iş icazələrinin alınması ilə bağlı sorğular aparılıb. Bu təhlillərin nəticələri və təkliflər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib".

E. Səfərli həmçinin “DOST Müfəttişi” layihəsini xüsusi qeyd edib: “Bu layihədə müfəttişlərdən çox, DOST yanaşması tətbiq edərək iş adamlarına əmək qanunvericiliyinin icrasında yaranan problemləri cəzalandırma yolu ilə deyil, boşluqları aşkara çıxararaq önləmə yolu ilə dəstək göstəririk”.