"Rusiya Əsədin sərvətinin başqalarının əlinə keçməsinin qarşısını almaq istəyib" - Elçin Xalidbəyli

23 Dekabr 2024 12:35 (UTC+04:00)

“Suriyada Bəşər Əsədin çevriliş fonunda ölkədən gizli şəkildə çıxması və rahatlıqla Rusiyaya qaçması müəyyən suallar doğurub. Müxalif qüvvələrin bütün ölkə ərazisində onu axtararkən Əsədin asanlıqla Moskvaya getməsi diqqət çəkib. Bəzi ekspertlərin fikrincə, proseslərdə birbaşa və dolayı yolla əli olan ABŞ, İsrail və Türkiyənin kəşfiyyat xidmətləri Əsədin qaçışından xəbərdar idi. Onun təyyarəsinin koordinatları ələ keçirilə və vurula bilərdi”.

“Burada bir çox ehtimallar mövcud ola bilər. Çünki Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına Suriya prezidenti Əsədin Suriya ərazisində olması təbii ki, sərfəli deyildi. Ona görə də ola bilər ki, Əsədin Suriyanı tərk etməsinə əngəl törətməyə ehtiyac duymayıblar. Digər tərəfdən o da ola bilər ki, rəsmi Ankara həm İran, həm də Rusiya ilə Əsəd rejimin ləğv olunması, sıradan çıxarılması mövzusunda müəyyən danışıqlar aparılıb. Ola bilsin ki, həmin danışıqlarda Əsəd rejiminin çöküşünün qarşılığında rəsmi Ankaradan Əsədin özünün Rusiyaya gedişinə razılıq verilməsi ilə bağlı da bir anlaşma ola bilərdi. Nəhayət, üçüncü bir ehtimal da mövcuddur ki, Rusiya son anda Əsədi gizli şəkildə Suriyadan çıxartmağa nail olub. Bu barədə də müəyyən məlumatlar, iddialar mövcuddur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, həmin iddialara görə, Rusiyanın Suriyadakı hərbi bazalarının birindən Əsədin çıxarılması üçün əvvəlcədən hazırlıq işləri aparılıb.

“Əsəd həmin hərbi bazaya gətirilib, oradan da Rusiyaya məxsus hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya, yəni Rusiya ərazisinə aparılıb. Burada Kremlin Əsədin həyatından narahat olduğunu düşünmək sadəlövhlük olardı. Çünki Əsədin sağ qalıb-qalmaması, əslində Rusiya üçün hazırda, yəni onun rejiminin çökməsindən sonra siyasi cəhətdən o qədər də böyük əhəmiyyət daşımırdı. Ancaq burada önəmli məqamlardan biri ondan ibarətdir ki, Əsədin külli miqdarda sərvətinin olduğu barədə məlumatlar mövcuddur. Avro və milyardlarla dollar, eyni zamanda tonlarla qızıl anlamında bu sərvət ifadə olunur. Həmin ehtimallara görə, düşünmək olar ki, Rusiya Əsədi sağ-salamat Moskvaya aparmaqla Əsədə məxsus sərvətin başqalarının əlinə keçməsinin qarşısını almaq niyyəti güdüb. Böyük ehtimalla Kreml bir hissəsinin də Rusiyaya daşındığı bildirilən Əsədin sərvətinin müəyyən əhəmiyyətli bir hissəsini mənimsəyə bilər. Onu nəzərə almaq lazımdır ki, Rusiya illər boyu Əsəd rejiminin saxlanmasına milyardlarla dollar pul xərcləyib və indi o pulun bir hissəsini elə Əsədin Suriya xalqından oğurladığı sərvətin hesabına qaytarmaq niyyətinə düşmüş ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA