"Bu cür mövqedən çıxış edən birinci ölkə Fransadır" - millət vəkili

24 Dekabr 2024 20:09 (UTC+04:00)

“ABŞ, Avropa İttifaqı, AŞPA və xüsusilə Fransanın Azərbaycana qərəzli yanaşması davam etməkdədir. Xüsusilə Vaşinqton və Qərbdən səsləndirilən ittihamlar, Parisin İrəvana hərbi dəstəyini artırması Bakı ilə münasibətləri daha da gərginləşdirir. Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda heç bir istiqamətə yönəlmədən və xarici qüvvələr arasında mübarizə meydanına çevrilmədən sadəcə müstəqil siyasət yürüdən ölkə olması beynəlxalq arenada xüsusi diqqət çəkir. Bu amil Qərbi qıcıqlandıran əsas detal kimi dəyərləndirilir”.

“Beynəlxalq münasibətlər sistemində bəzi güc mərkəzləri var ki, onlar müstəqil dövlətlərin öz iradələri hesabına nəyisə həll etmələrini və yaxud müstəqil davranmalarını özlərinə təhdid kimi görürlər. Yəni bəzi güc mərkəzləri hesab edirlər ki, dünyada onların iradəsindən kənarda heç nə baş verməməlidir. Azərbaycan əslində bu sindromu dağıtmağı bacarıb, böyük güclərin icazəsi olmadan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edibdir. Azərbaycana qarşı bəzi islamofob mərkəzlərin, bəzi ölkələrin aqressiv münasibətini müəyyənləşdirən səbəb budur. Biz bilirik ki, bu cür mövqedə çıxış edən birinci ölkə Fransadır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, çünki Fransada islamofobiya, ksenofobiya və imperialist ambisiya daha güclüdür.

“XXI əsrdə Fransa hələ də kolonial ölkə hesab edilir. Fransa imperializmi Sakit okean adalarından başlayaraq Orta Afrikaya qədər uzanır və belə olan halda özünə müttəfiq hesab etdiyi Ermənistanın məğlubiyyəti Fransanı Azərbaycana qarşı çox aqressivləşdirir. Məsələnin mahiyyəti bundan ibarətdir və eyni zamanda, ABŞ-da regiona məhz islamofob eynəkdən, sivilizasiyaların qarşıdurması eynəyindən baxdığı üçün o da Ermənistan özünə bir köynək yaxın görür. Beləliklə, Cənubi Qafqaza iki güc mərkəzinin Fransanın və ABŞ-ın baxışı müəyyənləşir. Ancaq əlbəttə ki, bütün bunlara baxmayaraq, Azərbaycan tarixi zəfər əldə edibdir. Bu zəfəri həm diplomatik, həm hərbi, həm siyasi müstəvidə dörd ildən çoxdur qoruya bilir, gücləndirir. Azərbaycanın nüfuzu daha da artır və Fransanın mövqeyini Azərbaycan iflasa uğradır. Həm təkcə milli aktor kimi, həm də beynəlxalq təşkilatlara rəhbərlik edən məsələn, Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Azərbaycan bu məqsədə nail ola bilib. Bakı prosesini başladan bir ölkə kimi tanınır və bu proses Fransanın xarici işlər xarici siyasətini lərzəyə gətiribdir. Beləliklə, Azərbaycan burada da haqsızlığa və hüquqsuzluğa qarşı nailiyyətlər əldə edir. Ona görə də Azərbaycana qarşı bu cür dairələrin siyasəti davam edir. Ancaq uğur əldə edilmir. Yeganə çıxış yolu kimi artıq Ermənistanı silahlandıraraq, Azərbaycana qarşı yeni aqressiya yaratmağa çalışırlar. Çünki Azərbaycan haqlı olduğu üçün və bu beynəlxalq hüququ qorumağı bacardığı üçün heç bir beynəlxalq platformada Fransa Azərbaycana qarşı hər hansı bir addım ata, təsirli bir mexanizm yarada bilmir. Hətta Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi Fransa Azərbaycana qarşı məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə saldıra bilmədi”.

“Bu günə qədər yumşaq güc platformalarında Fransa heç nəyə nail ola bilməyibdir. Dəfələrlə Avropa Birliyini qarşı sanksiyalara sürükləməyə çalışsa da, Avropa Birliyi, Avropa Şurası adından Azərbaycana qarşı bəyanatlar verilməyə nail olmağa çalışsa da bu təsirsiz olubdur. İndi isə düşünür ki, yeganə təsir vasitəsi güc ola bilər. Yalnız militarist güc, hərbi güc ola bilər və o da Ermənistanı maksimum silahlandırır. Azərbaycan prezidenti Rusiya mediasına verdiyi müsahibədə bunu çox açıq şəkildə dilə gətirdi və dedi ki, Fransa, Amerika Birləşmiş Ştatları və Hindistan Ermənistanı silahlandırırlar. Biz əminik ki, bu vasitə ilə də heç nəyə nail ola bilməyəcəklər. Çünki nəticə etibarilə Makron rejimi bu gün xarici siyasətdə olduğu kimi, daxili siyasəti də çökməkdədir. Artıq son bir ildə iki dəfə uğursuz bir hökumət formalaşdırmağa çalışır. Əminik ki, ikinci yeni yaradılan hökumətin ömrü birincidən də qısa olacaq və yaxud təsirsiz, səmərəsiz olacaqdır. Buna görə də Azərbaycana beynəlxalq hüquqa uyğun olaraq hərəkət etdiyinə, öz gücünə arxalandığına, öz müttəfiqlərinə arxalandığına görə Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcəkdir. Fransanın timsalında islamofob, türkofob aqressiyanın iflasını da görəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA