Ermənistan bir dövlət kimi varlığını qoruya biləcəkmi? - AÇIQLAMA

24 Dekabr 2024 20:16 (UTC+04:00)

“Son zamanlarda bir çox erməni ekspertlər yaxın müddətdə Ermənistanın bir dövlət kimi yox olacağını iddia edirlər. Ölkənin müharibə və qarşıdurma olmadan, yanlış siyasət xətti ilə müstəqilliyi və suverenliyinin itirilmə riskinin olduğu bildirilir. Bəzi ekspertlərin fikrincə, Ermənistan ictimaiyyətinin narahatlıqlarından biri də Türkiyə və Azərbaycanın artan nüfuzu, türk birliyinin son zamanlarda daha çox gündəmə gəlməsidir. Həmçinin sülh müqaviləsi imzalandıqdan sonra Qərbi azərbaycanlıların geridönüş ehtimalının da erməniləri təşvişə saldığı deyilir”.

“Ermənistanda əhalinin sayının azalmasının bir neçə səbəbi var. Bunlardan ilk sırada gələn təbii ki, təhlükəsizlik məsələsidir və bu, yeni bir problem deyil. 1989-cu il əhalinin siyahıya alınmasına görə Ermənistanın 1991-ci ildə müstəqilliyini qazananda 3 milyon əhalisi vardı. Amma baxmayaraq ki, 90-cı illərdə Ermənistan Azərbaycan ərazilərinin 20 faizini də işğal altında saxlayırdı və bu ərazilərdəki zənginliklər Ermənistanın xərclərini qarşılayırdı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, bölgədə sabitlik olmadığına, Azərbaycanla müharibə riski qaldığına, bundan başqa Ermənistanda normal hakimiyyət sistemi qurulmadığına, iqtisadi, o cümlədən təhlükəsizlik problemləri həll olunmadığına görə və digər tərəfdən ermənilərin də dövlət ənənələrinin və bir yerdə yaşamaq ənənələrinin zəif olduğunu nəzərə alsaq, bu köç hələ o zamandan başlanmışdı.

“44 günlük savaşdan qısa müddət sonra Ermənistanın keçmiş statistika komitəsinin rəhbərinin bir məqaləsində Ermənistandakı əhalinin sayı ilə bağlı maraqlı rəqəmlər qeyd olunurdu. Həmin şəxsin hesablamalarına görə, Ermənistan əhalisi hələ 2020-ci ilin 44 günlük savaşına qədər olan dövrdə 1 milyon yarımdan az təşkil edirdi ki, bu da əhalinin iki dəfə azalması demək idi. Yəni 1929-cu ildə keçirilən siyahıyaalmaya görə bütün Cənubi Qafqazda yaşayan ermənilərin sayı o zaman 1 milyon 568 min olduğu halda, üstündən 100 il təxminən zaman keçsə də, əhalinin sayı eyni olaraq qalmaqdadır ki, bu da ciddi bir problemdir. Təbii ki, əhalinin azalmasını qeyd etdiyimiz səbəbləri, sosial, iqtisadi əhali artımının az olması və xüsusilə də təhlükəsizliklə bağlı olan məsələlər və regiondakı qonşularla münaqişəli vəziyyət təbii ki, Ermənistanda əhalinin bölgədə qalmasını çətinləşdirən amillərdəndir. Bundan başqa, şübhəsiz ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadığından və müharibə ehtimalı qaldığından əhalinin ölkədən gedişi davam edəcək. Bundan başqa, şübhəsiz ki, həm Azərbaycanın, eyni zamanda, Türkiyənin artan nüfuzu və qüdrəti erməniləri müəyyən qədər təşvişə salır”.

“Baxmayaraq ki, Azərbaycan və Türkiyənin Ermənistana qarşı hansısa bir düşmən tutumu yoxdur və biz Ermənistanla əslində sülh şəraitində yaşamaq istəyirik. Sadəcə olaraq 100 illərlə erməni əhalisi, cəmiyyəti türkofob, islamofob, düşmənçiliklə zəhərləndiyinə görə və nasist, faşist, terrorist düşüncə bu toplumun düşüncəsində aparıcı rol aldığına görə, ona görə də onlar Azərbaycan və Türkiyəni özlərinə düşmən olaraq görməkdədirlər. Bu təbii ki, artan nüfuz qarşısında onların ölkəni tərk etmək istəkləri qalacaq. Bundan başqa digər bir məsələ də təbii ki, erməni cəmiyyətinə təsir edir və xüsusilə də bunu artıq rəsmi şəxslər də verdikləri əslində yanlış dəyərləndirmələrlə Ermənistan cəmiyyəti xof altında saxlayırlar. Onlar hesab edir ki, 1989-91-ci illərdə Ermənistandan zorla qovulmuş, deportasiya olunmuş azərbaycanlıların geri dönüşü onlar üçün ağır təhlükə yarada bilər. Bildirirlər ki, yüz min azərbaycanlının ölkəyə geri qayıdışı Ermənistan dövlətçiliyinin süqutuna apara bilər. Əlbəttə, bu yanlış bir təsəvvürdür. Azərbaycanlılar sadəcə olaraq öz doğma yurd-yuvalarına qayıtmağı düşünürlər. Lakin Azərbaycan dövləti Ermənistanla bütün məsələləri dialoq, danışıqlar yolu ilə çözməyin tərəfdarıdır”.

Rəfiqə NAMAZƏLİYEVA