Hərtərəfli və obyektiv araşdırılsın, ictimaiyyət məlumatlandırılsın! - Dövlət Komissiyası

27 Dekabr 2024 20:51 (UTC+04:00)

Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.

Bu barədə dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclasında qeyd olunub.

Bildirilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir.

Xatırladaq ki, dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Sədr Əli Əsədov bildirib ki, Komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.

Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verilib.

Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənilib.

Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat veriblər.

Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirilib. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.

Bildirilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırılıb ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.

AzNews.az