“İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin işi tamamlanana qədər Yəmən husilərinin atəşə tutulacağını açıqlayıb. Baş nazir əsas hədəfin İranın proksisi olan “Ənsar Allah” qruplaşmanın məhv edilməsi olduğunu bildirib. Netanyahu bundan öncə Tehranı təhdid edib və onun “terror qolları”nı kəsəcəyini deyib”.
“İran birbaşa İsraillə müharibəyə girmək istəmir. Yəni bunu proksi qruplar üzərindən həyata keçirmək istəyir. Açığı, birbaşa müharibədə heç İsrailin də o qədər marağı yoxdur. İsrailin əlində nüvə silahı var. İran isə proksi qruplara sahibdir və ikisi təhlükəli bir xətti tuturlar. Ona görə də burada hər iki tərəfdə ehtiyatlı davranmağa çalışır. İsrailin arxasında ABŞ amili dayanır. Lakin İran isə daha çox Çinlə münasibətləri üstün olan bir ölkədir”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Siyasi şərhçi qeyd edib ki, hər iki tərəf kifayət qədər bir-birinə qarşı aqressiya nümayiş etdirə biləcək ölkələrdir.
“Ancaq hər iki ölkənin müharibəyə girməkdən çəkindiyini düşünürəm. Ona görə də son dərəcə ehtiyatlı davranırlar. İsrailin əsas strategiyası İranla bağlı proksi qrupların sıradan çıxarılmasıdır. İran da birbaşa İsrail ilə müharibəyə girməsə də İsrailin zəiflədilməsi üçün öz proksi qruplarından istifadə edir. Düşünürəm ki, İsrail ilə İran arasında gələcəkdə daha böyük miqyaslı müharibənin olmasından daha çox proksi qruplar üzərindən müharibənin davam etdirilməsinə tərəfdardırlar. Hazırkı gedişat onu göstərir. Bir-birlərinə qarşılıqlı təhdidlər var. Ancaq realda İsraillə İranın qarşı-qarşıya gələcəyi çox da inandırıcı görsənmir. Hələ ki bu proseslərə doğru getmir. Sadəcə olaraq bir-birini zəiflətmək planları var. Bu planlar nə qədər real olacaq? Bu, qarşıdakı dövrdə atılan addımlardan məlum olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA