2024-cü ilin dekabrın 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
AzNews.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov son dövrlərdə məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində islahatlar davam etdirilir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
İclasda həmçinin intizam icraatı üzrə işlərə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda iclasda Məhkəmə-Hüquq Şurası Aparatının, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının əsasnamələri, hakimlərin vəsiqələri ilə bağlı qanun layihələri müzakirə olunub, birinci instansiya məhkəmələrinin aparatlarının strukturu təsdiq edilib.
Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.
Sonra Şuranın üzvü, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev tərəfindən Hakimlərin qiymətləndirilməsi qaydaları və metodogiyaları barədə Şura üzvlərinə geniş məlumat təqdim olunub.