“Son günlər ölkədə “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Artıq bir neçə şəxs saxlanılıb. Baş verənlər ictimaiyyətdə müzakirələrə səbəb olub”.
“Bu məsələ “TikTok”la bağlı deyil. Sadəcə olaraq, birbaşa sosial mediadan təyinatı üzrə istifadə etməyən, eyni zamanda sui-istifadə edərək cəmiyyətin əxlaqını, qanunları pozmağa çağırışlar edən adamlarla bağlı tədbir görülür. Əlbəttə ki, bu kimi hallar “TikTok”da özünü daha çox göstərdiyinə görə tədbirlərin tiktokerlərə qarşı alındığı kimi görünür. Düşünmürəm ki, konkret olaraq “TikTok” hədəf alınıb. Niyə də alınsın? Çünki hazırda “TikTok”güzgü kimi bir şeydir. Yəni biz güzgüyə baxdıqda nəyisə düz görməyəndə vurub güzgünü sındırmırıq ki, güzgü yerində qalır, əyrimizi düzəldirik. Digər sosial media platformaları kimi orada əyri də var, düz də var. Düzlərlə heç kimin işi yoxdur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.
Media eksperti qeyd edib ki, dövlət əyrilərin düzəldilməsi üçün tədbirlər görür.
“Bu baş verənləri belə dəyərləndirmək olar. Fikirləşirəm ki, tiktokerlərlə bağlı aparılan bu tədbirlər başqaları üçün də bir dərs olmalıdır. Sosial mediadan təyinatı üzrə etik çərçivədə istifadə etmək vacibdir. Əks halda dövlət və qanun, eləcə də cəmiyyət qarşısında cavab vermək deyə bir şey var. Sosial medianın azadlığından sui-istifadənin doğuracağı məsuliyyəti hər kəs dərk etməlidir. Ona görə də düşünürəm ki, dövlətimiz bu addımları atarkən məqsəd sosial medianı hədəfə almaq deyil, ondan sui-istifadə edənlərin qarşısını almaqdır”.
Rəfiqə NAMAZƏLİYEVA