Ukrayna- Rusiya münaqişəsi. SÜLH QAPIDADIRMI?

6 Yanvar 2025 19:43 (UTC+04:00)

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində Kremlin Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazır olduğunu bildirib. Lavrov müzakirələrin böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəlməli olduğunu qeyd edib. Bundan öncə də Rusiya Prezidenti Vladimir Putin və dövlət rəsmiləri dəfərlə məsələ ilə bağlı danışıqlara hazır olduqlarını açıqlayıblar. Lakin ABŞ-da Donald Trampın andiçmə mərasimi və prezident səlahiyyətinin icrasına başlamasına az qalmış səsləndirilən bu kimi bəyanatlar daha çox diqqət çəkir. Trampın artıq Kiyev və Moskva ilə əlaqəyə keçdiyi və müharibənin həlli üçün ortaq məxrəcin tapılmasına çalışdığı bildirilir”.

“Rusiyanın xarici işlər naziri bundan öncəki müsahibəsində daha detallı şəkildə bəzi məqamlara toxunmuşdu. Eyni zamanda atəşkəsin və yaxud danışıqlar prosesinin şərtlərini xüsusi olaraq vurğulamışdı. Bu şərtlər də İstanbulda elan olunan prinsiplərdən ibarətdir. Bu aspektdən də Rusiyanın mövqeyində indiki şəraitdə yeniliklərin olmadığı gözə dəyir. Bununla paralel olaraq da Rusiya qoşunları Ukraynada daha çox üstünlük əldə etməyə, Ukrayna ordusu isə Rusiyanın daxilində daha çox problem yaratmağa cəhd göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Millət vəkili qeyd edib ki, prinsip etibarilə hazırkı şəraitdə hər iki tərəfin müharibədən yorulduğunu müşahidə edə bilərik.

“Qənaətimə görə, elə Qərb də müharibədən yorulub. Çünki nəticə etibarilə bu günə qədər edilən yardımlar da heç bir effektiv nəticə verməyib. O strategiya da Rusiyanın məğlubiyyətinə və yaxud çökdürülməsinə yönəlmişdi. Faktiki olaraq özünü doğrultmadı. Yeni il öncəsi bu qəbildən olan bəyanatların dilə gətirilməsi bir neçə aspektlə bağlıdır. Hər iki tərəf artıq müharibənin perspektivsiz olduğunu çox yaxşı başa düşür. Lakin müharibəyə başlamaqla yanaşı, müharibədən çıxmaq amili də var. Hər iki tərəf bu müharibədən elə çıxmaq istəyir ki, bu məğlubiyyət kimi dəyərləndirilməsin. Rusiyanın baxış bucağından bunun üçün manevr imkanları daha çoxdur. Amma Ukraynanın mövcud şəraitində, o cümlədən bu ölkəyə verilən vədlərin yerinə yetirilmədiyini nəzərə alsaq, Zelenskinin durumunu prinsip etibarilə daha ağır olduğunu görə bilərik. Həm də nəzərə alsaq ki, o şərtlər ki, Rusiya tərəfindən irəli sürülür”.

“Ukrayna bununla hətta razılaşsa belə, nəticə etibarilə bunun açıq şəkildə elan olunması yaxın zaman kəsiyində inandırıcı görünmür. Bayden administrasiyası təbii ki, Ukrayna- Rusiya münasibətləri zəminində daha çox gərginliyə nail olmaq və daha çox problem yaratmaq üçün mümkün olan hər şeyi edirlər. Tramp real hakimiyyətə qədəm qoyana qədər bu istiqamətdə də müəyyən addımların atıla biləcəyi şübhəsiz gözlənilir. Ancaq ortalıqda mesajlar və mesajlarla yanaşı, artıq qənaətlər var. Eyni zamanda, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti tərəfindən həm seçki öncəsi, həm də seçkidən sonra səsləndirilən fikirlər var ki, bu istiqamətdə də müəyyən addımların atılacağını gözləmək olar. Düşünürəm ki, Ukrayna- Rusiya razılaşması fonunda həm də Birləşmiş Ştatlarda Demokratlarla Respublikaçılar arasında bir sıra məsələlərlə bağlı, xüsusilə də Ukraynaya ayrılan 112 milyardlıq yardım paketinin reallıqda Ukraynaya verilməməsi ilə bağlı bir sıra ziddiyyətlərin ortaya çıxacağı, hətta bununla bağlı məhkəmə presedentlərinin də yarana biləcəyini gözləyirəm. Ukrayna müharibəsi başa çatsa da, Ukrayna müharibəsi ilə bağlı olan çoxsaylı məqamlar var ki, onların hələ də ən yaxın zaman kəsiyində də olsa belə davam edəcəyi gözlənilir. 2025-ci ildə daha çox atəşkəsin əldə olunmasını gözləyirəm. Sülhün əldə olunması üçün Ukrayna ərazi itkisi ilə barışmalıdır. Bu da qısa müddət ərzində mümkün deyil”.

Rəfiqə NAMAZƏLİYEVA