Azərbaycan prezidenti İlham Əliyev dünən ölkə telekanallarına verdiyi müsahibədə eynilə bu cümlələri qurdu:
"Ermənistanda faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur".
Müsahibənin yayımı tamamlanmamış bəyanat Azərbaycan xəbər resurslarına istinadən İrəvan mediasında rezonans və panika yaratdı.
“Xain xoflu olar” deyiblər, öz xislətlərinə yaxşı bələd olan erməni ictimai-siyasi xadimləri, ekspertləri və müəllifləri Azərbaycan prezidentinin mesajını “erməni dövlətçiliyinə son qoymaq” çağırışı kimi təqdim etdilər.
Halbuki Azərbaycan prezidenti öz çıxışında Ermənistanı Sülh Müqaviləsinin imzalanmasını uzatmamağa, Zəngəzur dəhlizini tezliklə açmağa, Qərbi Azərbaycanlıların tarixi yurdlarına qayıdış hüququnu tanımağa və Cənubi Qafqazda sabitliyin təmin olunması üçün silahlanmaya son qoymağa dəvət etmişdi.
Azərbaycan liderinin sözügedən bəyanatını da məhz bu çağırışların davamı kimi başa düşmək və qəbul etmək lazımdır. Ermənistanın Azərbaycanın suveren ərazilərinin önəmli hissəsini 30 il boyunca işğal altında saxlaması, Qarabağdan milyonlarla insanı didərgin salması, Ağdamdan Laçına qədər böyük bir ərazini xaraba qoyması uzaq keçmişin məsələsi deyil. İkinci Qarabağ savaşında Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra da Ermənistan rəsmi Bakının beynəlxalq hüquqa əsaslanan yuxarıdakı tələblərini yerinə yetirməkdən yayınırsa, bu hay faşizminin Nikol Paşinyan tərəfindən də davam etdirilməsi anlamına gəlir.
“Faşizm” nədir?
Faşizm- bir toplumun öz irqi, etnik və mədəni üstünlüyünə inanması, hərbi təcavüz, terror və zorakılığı mənimsəməsi, yeni ərazilər əldə etməyə can atması və bütün bunları digər xalqların azadlıq və hüquqlarını tapdalayaraq həyata keçirməyə çalışmasıdır.
Erməni faşizmi çoxsayda mənbəyə malikdir.
Bu mənbələrdən birincisi erməni cəmiyyətinin tarixi-ideoloji streotipləridir.
19-cu əsrin sonlarında qurulan Daşnaksütyun Partiyası ermənilərə irqi-etnik alilik və ərazi iddiaları aşılayır. Partiyanın əsas məqsədi "Böyük Ermənistan" yaratmaqdır və iddia bütün qonşu xalqlara qarşı təcavüzkar siyasət formalaşdırır.
Digər ideoloji mənbə tsexokronizmdir. 1930-cu illərdə Qaregin Njde tərəfindən ortaya qoyulmuş bu ideologiya sözün birbaşa mənasında alman faşizminin hay versiyasıdır.
SSRİ-nin süqutu ərəfəsində Ermənistanda daşnak zehniyyəti gücləndi, Njde bütün erməni siyasi liderlərinin kumirinə çevrildi. Daşnakların və kilsənin təhriki ilə 1988-ci ildən başlayaraq Ermənistanın Qarabağı özünə birləşdirmək cəhdi erməni şovinizminin yeni mərhələsi olmaqla Azərbaycanı silahlı münaqişəyə sürüklədi.
Bu müstəvidə daha iki mənbə var, təbii.
Güclü maliyyə və siyasi təsir şəbəkəsinə malik olan erməni diasporası erməni faşizminin əsas təşviqatçılarındandır. Xüsusilə ABŞ və Fransa kimi ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları faşist ritorikası sərgiləyir.
Digər tərəfdən, ermənilər beynəlxalq səviyyədə "əzilən millət" narrativi yaratmaqla öz faşist ideologiyalarını pərdələməyə çalışırlar.
Erməni faşizmini ifşa etmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Ermənilərin özlərinə necə bir uydurma tarix yaratdıqları, İsadan sonrakı 2000 il ərzində doğru-düzgün bir dövlət qura bilmədikləri halda, qondarma tarixlərini təhsil sistemlərinə necə montaj etdiklərini, qonşu xalqları, xüsusilə də Azərbaycan türklərini "düşmən" obrazında təqdim etdikləri hər kəsə məlumdur.
Ermənistanın media platformalarını izləyirik. Erməni televiziya kanalları, xəbər agentlikləri, qəzet və portalları, sosial media seqmenti açıq-aşkar faşist ritorikası ilə danışır, nifrət çıxışlarını tirajlayır, hətta həyasızcasına “İşğal altında olan Artsax” kimi ibarələrdən istifadə etməkdən də çəkinmir.
İkinci Qarabağ Savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalçı erməni ordusunun başına “Dəmir yumruq” endirdi. Şuşada Yallı gedən, “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol bu zərbə nəticəsində reallıq hissini bir balaca bərpa etdi. Ancaq bu gün də Ermənistanın hərbi təlim proqramlarında Azərbaycan və Türkiyə əleyhinə düşmənçilik təbliğ olunur. Ermənistan rəhbərliyi, xüsusilə keçmiş prezidentlər öz revanşist ritorikaları ilə faşist ideologiyasını dəstəkləyirlər. Ermənistanda ultra-millətçi təşkilatlar fəaliyyət göstərir və öz faşist düşüncələrini yayır, dövlət tərəfindən dəstəklənirlər. ASALA və digər erməni terror təşkilatlarının fəaliyyətinə Ermənistan rəsmi hüquqi qiymət verməməklə birgə, faşist metodlarını mənimsəyən digər yeni təşkilatların üzvləri də mühakimə olunmurlar.
"Böyük Ermənistan" ideologiyasının birbaşa təzahürü olan Konstitusiya Aktına istinad hələ də Ermənistanın Əsas Qanununda qalmaqdadır. Azərbaycan torpaqlarına, xüsusən də Qarabağ və Şərqi Zəngəzur bölgələrinə revanşist iddialar erməni düşüncə sisteminin əsas paradiqmasıdır. Ermənistanın siyasi elitası və ictimaiyyəti arasında revanşizm çağırışları hər gün güclənir və bu, Azərbaycana qarşı hərbi təhdidlər yaradır. Ermənistanda böyüyən yeni nəsil düşmənçilik ideologiyası ilə tərbiyə olunur ki, bu da Cənubi Qafqazın gələcəyinə uzunmüddətli təhlükə yaradır. Ermənistan tərəfindən dəstəklənən illeqal təşkilatlar və qruplaşmalar Azərbaycanın mülki və hərbi obyektlərinə potensial terror təhlükəsidir. Beynəlxalq səviyyədə Azərbaycanın haqq işini gözdən salmaq üçün aparılan dezinformasiya kampaniyalarına Ermənistan öz büdcəsindən xeyli vəsait ayırır.
Bəli, erməni faşizmi yalnız bölgə üçün deyil, ümumilikdə beynəlxalq sabitlik üçün də ciddi təhlükə mənbəyidir. Əgər dünyada yeni nizam formalaşacaqsa, bu düzəndə heç bir faşist ideologiyasına, o cümlədən erməni faşizminə yer olmamalıdır.
Odur ki, Azərbaycan prezidentinin məsələ ilə bağlı son dərəcə doğru, son dərəcə sərrast və son dərəcə qətidir.
Nikol Paşinyan Azərbaycan və Ermənistan cəmiyyətlərinə mətbəx məharətlərini deyil, erməni faşizminə qarşı mövqeyini nümayiş etdirməlidir.
Əks halda nə baş verəcəyini qalan ermənilərdən daha yaxşı başa düşür.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru