Trampın gəlişi ilə Bayden dövründən qalan bəzi problemlər gün üzünə çıxa bilər - Samir Hümbətov

8 Yanvar 2025 18:49 (UTC+04:00)

“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasına 14 gün qalır. Bəzi ekspertlərin fikrincə, yanvarın 20-dən etibarən dünyada müəyyən dəyişikliklər olacaq. Hətta hazırkı Prezident Co Baydenin də səlahiyyətinin bitməsinə sayılı günlər qalmasına baxmayaraq Trampa bəzi “sürprizlər” hazırladığını iddia edənlər var”.

“Biz məsələyə çox dar çərçivədən baxırıq. Yəni bir az siyasəti, xüsusən də beynəlxalq siyasət anlamaq üçün ona geniş prizmadan yanaşmaq və öyrənmək lazımdır. Amerika Birləşmiş Ştatlarında prezidentin dəyişməsi ilə hadisələrin kökündən dəyişəcəyini düşünməyimiz sadəcə siyasətdən xəbərimizin olmaması anlayışını ifadə edə bilər. Nəzərə almalıyıq ki, hakimiyyətin başında olan dəyişir, bürokratik sistem olduğu kimi qalır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Siyasi şərhçi qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının istər Donald Tramp, istər Bayden və digərləri dövründə ümumi strateji konsepsiyası eynidir.

“Sadəcə, müxtəlif formalarda bu rolu icra edirlər. Trampın hakimiyyətə gəlişi, Baydenin hakimiyyətdən gedişi ilə də hansısa bir ciddi dəyişikliyin olacağını düşünmürəm. Ola bilsin ki, bəzi dövlətlərə baxış bucağında müəyyən fərqlər, yanaşmalar ola bilər. Ancaq Baydendən sonra Trampın hakimiyyətə gəlməsi Amerika xarici siyasətinin kökündən dəyişəcək deyə bir anlayış yoxdur. Düşünürəm ki, müəyyən mənada Amerikanın xarici siyasətinə təsir edəcək. Amma bu tamamilə xarici siyasəti dəyişəcək anlamını ifadə etmir. Odur ki, “sürpriz” hazırlaya bilər. Trampın gəlişi ilə Bayden dövründən qalan bəzi problemlər gün üzünə çıxa bilər”.

Rəfiqə NAMAZƏLİYEVA