Nazir müavini: “28 May”dakı multimodal habın oxşarı "Dərnəgül"də qurula bilər"

10 Yanvar 2025 11:51 (UTC+04:00)

“28 May” metrostansiyası ətrafında yaradılmış multimodal nəqliyyat mübadilə mərkəzinin (hab) oxşarı "Dərnəgül" stansiyasında qurula bilər.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində görülmüş işlərlə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkədə dəmir yolu nəqliyyatına maraq artmaqdadır: “2024-cü ildə dəmir yolu ilə 8,4 milyondan çox sərnişin daşınıb. Ancaq bu rəqəm təxminən 5 dəfə arta bilər. Bu artım xüsusilə Bakı Dairəvi Dəmir yolu xəttində müşahidə oluna bilər”.

Nazir müavini əlavə edib ki, “28 May” metrostansiyasında multimodal hab yaradılıb və burada dəmir yolu, metro və avtobuslar arasında əlaqə təmin edilib:
“Növbəti belə layihə "Dərnəgül" metrostansiyasının yaxınlığında həyata keçirilə bilər. Hazırda bu məsələ müzakirə olunur”.

Qeyd edək ki, 2024-cü ilin noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayıb. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.