Ermənistan bilir ki, Avropa İttifaqına heç kim onu üzv etməyəcək - Tural İsmayılov

14 Yanvar 2025 15:50 (UTC+04:00)

“Ermənistan hökumətinin bugünkü iclasında ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanmasını müzakirə edilib. Nəticədə hökumət ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib”.

“Ermənistanın Avropa İttifaqına üzvlüyü, əlbəttə, absurd bir məsələdir. Heç bir formada Avropa İttifaqı Ermənistanı bura üzv edə bilməz. Birincisi, nəzərə almaq lazımdır ki, bu günə qədər də Ermənistanda keçmiş sorosçular hakimiyyətdə olsa da və Qərbin təhlükəli ssenarilərinin icraçısı qismində çıxış etsələr də, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Eyni zamanda aylardır KTMT əleyhinə təbliğat aparılsa da, Ermənistan hələ KTMT-ni tərk etməyibdir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın dövlət büdcəsinin böyük əksəriyyəti hələ də Rusiyadan gələn investisiyalardan asılı vəziyyətdədir.

“Bundan başqa, Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası mövcuddur və təkcə sadaladığım bu faktlar Ermənistanın Avropa İttifaqına üzvlüyünü mümkünsüz edir. Digər bir tərəfdən Ermənistan özü də bilir ki, Avropa İttifaqına heç kim Ermənistanı üzv etməyəcək, sadəcə olaraq müxtəlif məsələlərlə gündəmi dəyişdirməyə çalışır. Gündəmi dəyişdirmək, ictimai rəydəki narazılıqdan fikir yayındırmaq üçün dövriyyəyə Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsini atmağa çalışırlar. Hər halda hesab edirəm ki, birmənalı şəkildə bu ölkənin Avropa İttifaqına üzvlüyü mümkün deyil”.

Rəfiqə NAMAZƏLİYEVA