Bakı Şəhər Prokurorluğunun 2024-cü il üzrə görülən işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib

15 Yanvar 2025 17:37 (UTC+04:00)

Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdanverilən məlumata görə, Baş prokuror çıxışı zamanı prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək məhz bu sayədə hesabat dövründə əməkdaşların xidməti iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra prokurorluqların, o cümlədən Nərimanov Rayon Prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati bina ilə təchiz edildiyini bildirib.

K.Əliyev qeyd edib ki, əvvəlki ildə olduğu kimi, 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülüb.

Hesabat dövründə görülmüş işlərə münasibətdə diqqətə çatdırılıb ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülüb.

Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib

Qeyd olunub ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2%) ödənilməsi təmin olunub.

Bundan əlavə, 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21411 müraciət daxil olan, həmçinin Bakı şəhər Prokurorluğunda 2387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6831 olmaqla, ümumilikdə 9218 vətəndaş qəbul edilərək dinlənilən müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Həmçinin vurğulanıb ki, 2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14925 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,8 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınan 50, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib, 15 əməkdaşa xəbərdarlıq edilib.