Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib

17 Yanvar 2025 11:32 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 538:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Əyilmədə möhkəmliyin təyini sınağı”, AZS EN 539-1:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Fiziki xüsusiyyətlərin təyini – Hissə 1: Sukeçirməzlik və hermetikliyin təyini üzrə sınaq”, AZS EN 1024:2025 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Həndəsi xüsusiyyətlərin təyini” və AZS EN 1304:2025 “Keramik dam örtüyü plitələri və fitinqlər - Məhsula dair anlayışlar və xüsusiyyətlər” dövlət standartlarını qəbul edib.

AzNews.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, sözügedən dövlət standartları keramik dam örtüyü plitələrinin əyilməyə qarşı davamlılıq, sukeçirməzlik və həndəsi xüsusiyyətlərinin təyini üçün sınaq üsullarını müəyyən edir.

Yeni dövlət standartları Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) dəstəyi ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi (Calidena Prosesi - Dəyər zənciri: Keramik dam örtüyü və döşəmə plitələri) çərçivəsində hazırlanıb.

Dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib, İnstitut onları təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna və Reyestrinə daxil edib.