Səfir: ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəfdir

18 Yanvar 2025 11:17 (UTC+04:00)

ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəf və imtiyazdır.

Aznews.az xəbər verir ki, bu barədə istefa verən ABŞ-nin Bakıdakı səfiri Mark Libbinin vida məktubunda deyilir.

Diplomat qeyd edib ki, ölkəni Azərbaycana dərin minnətdarlıq hissi və ölkələr arasında gələcək qarşılıqlı əlaqələrlə bağlı nikbinliklə tərk edir.

Səfir qeyd edib ki, ölkədə qısa müddət ərzində olmasına baxmayaraq, diplomatik missiya əhəmiyyətli iş görüb və o, həyat yoldaşı ilə birlikdə Azərbaycanın gözəlliklərindən tam zövq ala bilib: "Biz Danusya ilə Azərbaycanı qarış-qarış gəzdik, dağlara dırmaşdıq, səhraları keçdik və dənizdə üzdük. Biz qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etdik; qədim qayaüstü rəsmlərə heyran qaldıq; xalça toxuyanların və heykəltəraşların gözümüzün qarşısında möcüzələr yaratdığını izlədik; ən ləziz təamlardan həzz aldıq.

Lakin təbiət, yemək və ya sənətkarlıqdan daha çox Azərbaycan xalqı bizdə ən unudulmaz təsir buraxdı.

Nizami Gəncəvidən Ell & Nikki-yə, Vəcihə Səmədovadan aşpaz Təvəkkülə, Zeynalabdin Tağıyevdən AZAL-ın 8243 saylı reysinin qəhrəman ekipajına kimi azərbaycanlılar son dərəcə cəsarətli, yaradıcı, dözümlü və qonaqpərvər xalqdır. Buna görə də biz ən çox Azərbaycan xalqı üçün darıxacağıq. Onlara ən xoş arzularımı bildirirəm, çünki onlar bundan azına layiq deyillər".

Səfir vurğulayıb ki, 30 il əvvəl imzalanmış Əsrin Müqaviləsindən keçənilki COP29-a kimi və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyi sayəsində ABŞ - Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub: "Biz birgə səylərlə Azərbaycan xalqının həyatını daha təhlükəsiz etmişik.

Səfirlik azərbaycanlıların həyatına təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə sadiqliyini nümayiş etdirmişik".

Mark Libbi qeyd edib ki, ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayının artması, münaqişə nəticəsində məcburi köçkün düşmüş azərbaycanlılar və digər həssas qruplar üçün səfirlik tərəfindən ingilis dilinin tədrisi proqramlarının həyata keçirilməsi kimi addımlar iki xalq arasında dostluğun möhkəm və inkişaf etməkdə olduğunu sübut edib.

"Məhz buna görə münasibətlərimizin gələcəyi ilə bağlı çox nikbinəm", - səfirin məktubunda deyilir.

O, Azərbaycana təşəkkürünü bildirib və ölkə üçün darıxacağını qeyd edib: "Biz Danusya ilə bu gözəl ölkə üçün darıxacağıq və Azərbaycan xalqına qarşıdan gələn illərdə xoşbəxtlik və firavanlıq arzulayırıq".