Milli Qəhrəmanın "qan pulu" oğurlandı: Hansı tədbirlər görülür?

18 Yanvar 2025 13:43 (UTC+04:00)

AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kibercinayətkarların hücumuna məruz qalıb.

AzNews.az xəbər verir ki, hadisə ilə bağlı Hökumə Əliyevanın atası Modern.az saytına açıqlama verib. Milli Qəhrəmanın atası Cəlil Alıyev qeyd edib ki, hadisə ötən gün baş verib və faktla əlaqədar Daxili İşlər Nazirliyinə məlumat verilib.

"Mənə xarici nömrədən zəng gəldi. Götürdüm. Ağlıma gəlməzdi ki, məni aldadarlar. Bütün qurumlara xəbər vermişik, indi Daxili İşlər Nazirliyindən cavab gözləyirik" - deyə o qeyd edib.

Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib.

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Hadisə barədə "Kapitalbank" da qısa açıqlama yayıb və bildirib ki, məsələ araşdırılır.

AzNews.az