"Həmin şəxslər "Taleh Bağırzadəyə azadlıq" şüarı səsləndiriblər" - İmişlinin keçmiş deputatı

19 Yanvar 2025 15:24 (UTC+04:00)

"İmişlidə baş verən avtoqəza nəticə etibarı ilə ağır hadisədir. Hadisə nəticəsində iki azyaşlı həlak olub, biri Bakıya gətirilib, digəri isə komadadır. Hadisə ehtiyatsızlıqdan baş verən cinayət əməlidir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. Araşdırma aparılacaq, hadisəyə hüquqi qiymət veriləcək".

Bu fikirləri Demokrat.az-a açıqlamasında İmişlinin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə bildirib ki, İmişli hadisəsi ilə bağlı onu narahat edən başqa məsələlər var:

"Bu məsələ bir qrup İmişli sakininin baş vermiş hadisəyə reaksiyasıdır. İmişlidə əlaqə saxladığım bir çox seçicilərim bildirir ki, hadisə yerinə gələn bir qrup vətəndaş xəsarət alan şəxləri yadlarından çıxararaq, tamamilə fərqli şüaurlar səsləndiriblər. Həmin şəxslər "Taleh Bağırzadəyə azadlıq" şüarını səsləndirərək, polis maşınına hücum çəkiblər.

Görüntülərdən aydın olur ki, bu şəxslər kimlərsə tərəfindən təhrik edilərək hadisə yerinə gətirilib. Məqsəd baş verən hadisəni siyasi məcraya yönəltməklə özlərinin çirkin niyətlərini təbliğ etməkdir. Hətta, onların qarşısına çıxan bir neçə polis əməkdaşı ilə əlbəyaxa dava edib, polisə xəsarət yetiriblər. Polisə qarşı bu cür davranış, texniki avadanlıqlara ziyan yetirmək qəbuledilməzdir".

Hüquq müdafiəçisi qeyd edib ki, baş vermiş hadisədən sui-istifadə etmək və kimlərinsə divident əldə etməyə çalışması onu daha da incidir:

"Aparılan araşdırmalar zamanı hadisədən sonra polis əməkdaşlarına güc tətbiq edən və əmlaka zərər vuranlarla bağlı saxlanılanlar var. Bir ağır hadisə nəticəsində digər ağır hadisə meydana gəlib. Bunların hamısının arxasında müəyyən çirkin niyətli qüvvələr dayanır. Onlar insanları təxribata təhrik etməklə özlərinin siyasi niyətlərini reallaşdırmaq istəyirlər. Ölkədə ictimai siyasi sabitlik hökm sürdüyü üçün müəyyən qüvvələr bu sabitliyin pozulması üçün çalışır. Həm xaricdən, həm də sosial şəbəkələr üzərindən hüquq mühafizə orqanlarının hərəkətlərinə başqa don geyindirərək, onları gözdən salmağa, xalqın inamını azaltmağa çalışırlar.

10 il deputat olduğum İmişlidə mənə xoş münasibəti olan bütün insanlara səslənirəm ki, tam sabitliyin qorunmasına nail olunsun, bu cür təxribatlara gedilməsin. Hər bir halda hadisə ehtiyatsızlıqdan baş verib. Sükan arxasında kimin olmasından asılı olmayaraq, heç kim bu cür avtoqəzalardan sığortalanmayıb. Hər kəs əmin olsun ki, hadisəyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun qiymət veriləcək".

AzNews.az