Fərizənin qardaşı: "Hamilə idi, özünü öldürmək üçün plan qururdu..." - Müsahibə

20 Yanvar 2025 12:38 (UTC+04:00)

Hər xalqın taleyində onu qaranlıqdan yadınlığa çıxaracaq günlər var. 20 Yanvar da belə günlərdəndir.

Bu gün o azadlıq işartısı olan gündən 35 il ötür. Biz artıq parçalanmış yox, bötüv Azərbaycanda yaşayırıq. Həm də onların sayəsində...

20 Yanvar qəhrəmanlarının...

İlham və Fərizə... 20 Yanvar deyiləndə çoxumuzun ağlına gələn cütlük... Sədaqətin və vəfanın simvolları...

Azərbaycan yaşadıqca onların adı da azadlıq səmasından heç zaman silinməyəcək...

Kulis.az Ülvi Bahadırın Fərizə Allahverdiyevanın qardaşı Zakir Nəbiyevlə müsahibəsini təqdim edir.

­­- İstəyirəm lap əvvəldən başlayaq. Fərizə xanım necə bir ailədə doğulmuşdu?

- Biz Qərbi Azərbaycanın Hamamlı (Spitak) rayonunun Saral kəndindənik. Fərizə də orada doğulub. Sonra biz Bakıya köçdük. Atam uzun müddət tikintidə işləyib. Gözəl sənətkar, işini bilən adam olub. Anam da evdar qadın idi.

Ailədə dörd qardaş iki bacı idik. Fərizə sonbeşiyimiz idi. Belə deyək, ortastatistik Azərbaycan ailəsi idik. Fərizə 54 saylı məktəbdə təhsil alırdı. Çox yaxşı oxuyurdu, əlaçı idi. Gözəl planları vardı.

- Fərizə xanım xatirinizdə necə qalıb?

- Hər şey kino lenti kimi gözlərimin qabağından keçir. Çox zəhmətkeş, diqqətcil və uzaqgörən idi. Ən balacamız o idi, ancaq evi elə o idarə eləyirdi. Atam çox zəhmli adam idi. Biz atama Fərizənin vasitəsilə çıxardıq. Çünki biz ondan çəkinirdik. O belə məsələləri çox yaxşı həll eləyirdi. Səhər yeməyimizdən paltarlarımızın ütülənməsinə qədər hər işimizi o görürdü. Çalışırdı ki, problemi problemsiz həll eləsin.

- Xasiyyəti, xarakteri necə idi?

- Çox mehriban idi. Hamının dərdinə şərik olurdu. Sayılıb-seçilməyi sevirdi.

- İlham bəylə necə tanış olub?

- Fərizə İlhamın bacısı Gülbənizlə bir sinifdə oxuyurdu. Eyni partada otururdular. Dost idilər. Onlar bizə gəlirdi, biz onlara gedirdik. Amma ağlımıza da gəlmirdi ki, onlar bizim evə nişana gələrlər. Məktəbi qurtarandan sonra Gülbəniz ailə həyatı qurdu. Fərizə texnikuma daxil oldu. Bu hadisə qəfildən baş verdi, heç diplomunu da ala bilmədi.

- Atanız zəhmli, mühafizəkar insan idi. Necə razılaşdı evliliyə?

- Əvvəllər heç ağlımıza gəlmirdi. 18-19 yaşları vardı. Fərizə də həkim olmaq istəyirdi. Mən İlhamı tanımırdım. Evimizə gəldiyi gün tanıdım. Qardaşımla bir sinifdə oxuyurdu. Mən BDU-da təhsil alırdım. Babamın yanında qalırdım. Xəstə idi, təsərrüfatı var idi, baxa bilmirdi.

- Deyirlər ki, toy maşınının şüşəsinə nəsə dəyib, çilik-çilik olub.

- Hə, olub. Bizdə adətə görə güzgü gətirirlər. O şüşə də durduğu yerdə sınmışdı.

- Ayrı yaşayırdılar, yoxsa ailə ilə?

- Evlənəndən sonra İlhamgil Alatavada bizdən bir küçə aşağıda yaşayırdılar. Ancaq təzə-təzə anamgildə qalırdılar. Çünki İlham evin kiçiyi idi. Amma ona zavoddan ev vermişdilər. Gəmiqayırma zavodunda işləyirdi, tokar idi. Oranı təmir etdirirdilər ki, bir müddət sonra köçsünlər.

- Hadisə baş verənə qədər evlilikləri necə keçirdi? Necə dolanırdılar?

- Çox yaxşı. Çox mehriban. O vaxt hər şey başqa cür idi. İlhama qız şəkilləri göstəriblər, heç birini bəyənməyib. Sonra soruşublar ki, sən kimi istəyirsən? O da deyib ki, siz dediyiniz adam evin içindədir. Onda da Fərizə tez-tez onlara gedib-gəlirdi. Deyiblər ki, Fərizəni deyirsən? Deyib, hə.

Bir-birləri ilə can deyib, can eşidirdilər. Mən həmişə aralarında səmimiyyət görmüşəm.

- Ayrı yaşasalar da, həmin gün İlham Fərizəni anasıgilə gətirib.

- Mən Moskvadan gəlmişdim. Dedilər ki, İlhamgilə ev veriblər. Orada olublar. Onlara getdik, qonaqlıq var idi. Çox sevinirdilər. Sonra qapılarını bağladılar, şəhərə çıxdıq. Metrodan çıxanda gördük ki, tonqallar qalanıb, izdiham var. Tanıdığımız adamlar hamısı tonqalın ətrafında idilər. Atamla nə vaxtdır görüşməmişdim, dedim, gedim atamı görüm, sonra qayıdaram. Onda İlham da dedi ki, mən də gedim əynimi qalın geyinim, hava soyuqdur. İlham gedib əynini dəyişib qayıtmışdı. Mən atamın yanında ləngimişdim. O məndən qabaq gəlmişdi. Təzə çatmışdım, bir də gördüm ki, atışma başladı. Biri qolunu tutdu, biri ayağını, biri başını. İşıq saçan güllələrlə xalqı gülləbarana tutmuşdular. Hərə bir tərəfə qaçdı. Biz Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının həyətinə qaçdıq. Düz dörd saat orada qaldıq. Gecə boyu ancaq güllə səsi eşitdik. Səhərə yaxın səs-küy bir az azalmışdı. İnsanları öldürənlər xüsusi təlim görmüş əsgərlər idi. Krasnodardan, Stavropoldan erməniləri – “saqqallılar” deyirdilər – yığıb gətirmişdilər. Bilinməsin deyə səhərə yaxın onları özbək, qazax, qırğız əsgərlərlə əvəzləmişdilər. Gecə gördüyümüz saqqallı, uzun saçlı adamlar yox idi. Yerlərini dəyişmişdilər.

- İlham vurulanda siz harada idiniz?

- Biz Kinostudiyanın həyətinə qaçdıq, onlar tonqalın ətrafında qaldılar. İlham tankın qabağına çıxmışdı. 20 Yanvarda ilk vurulan İlham olub. Güllə qarnından girib o biri tərəfdən çıxmışdı. Səhər beşə yaxın atışma səngimişdi. Bir-birlərinə xəbər ötürüblər, deyiblər ki, İlhamı vurublar, Respublika Klinik Xəstəxanasındadır. Əməliyyat ediblər, ancaq çoxlu qan itirdiyinə görə vəfat edib.

Əməliyyat zamanı işıq da sönmüşdü, şam da tapa bilməmişdilər. Qəzetləri yandırıb, onun işığında əməliyyat etmişdilər.

- Siz xəstəxanada idiniz?

- Yox. Ancaq məhəllə uşaqları orada idi. Elə onlar köməkləşib xəstəxanaya aparmışdılar. Ancaq xilas eləyə bilməyiblər. Xəbəri də mənə elə onlar verdi. Çəkinirdilər, birbaşa demədilər.

- Bacınız necə öyrəndi?

- İlham rəhmətə gedəndən sonra evə gətirməyin adı yox idi. Təzəpir məscidində yudurtduq. Götürüb gələndən sonra bildilər. Birbaşa demədik. Əvvəlcə yaralandığını dedik. Ancaq çox gizlədə bilmədik. Öyrənəndən sonra da heç nə əvvəlki kimi olmadı.

- Birinci özünü yandırmaq istəyib.

- Bəli, birinci özünü yandırmaq istəmişdi. Onda indiki Şəhidlər Xiyabanı yox idi. Səhər tezdən durub onu Xırdalan qəbiristanlığına apardıq. Sonradan Allahşükür Paşazadə İlhamgilə gəlmişdi. Demişdi ki, yer veriləcək. Biz qayıtdıq. Bir gün qaldı evdə. Gecə Fərizə özünü öldürmək üçün müxtəlif planlar qururdu. Deyirdi ki, mən səni tək buraxmayacam, səmin yanına gələcəm. Tapşırmışdıq ki, Fərizədən muğayat olun. Birinci dəfə özünü yandırmaq istəyəndə görüb qoymamışdılar. İkinci dəfə sirkə içmişdi. Onda artıq gec idi, heç nə eləyə bilmədik.

- Hamilə imiş...

- Bəli, hamilə idi. Bacıları dedi. Gərək özünü öldürməyəydi.

Bilirsiniz, Sovet vaxtı elə yaşayırdıq ki, heç kimin ağlına gəlməzdı ki, belə bir hadisə olacaq. Qəfildən baş verdi. Ona görə də bu qədər insan öldü. İnsanlar ağrı-acıya dözə bilmədilər Elə Fərizə də...

Onlar təzə ailə qurmuşdular. Ona görə də biz tez-tez getmirdik onlara, istəmirdik ki, mane olaq. Fikirləşirdik ki, övladı olar, sonra gedərik. Sonra da bu hadisə baş verdi.

- Fərizədən sonra nələr oldu?

- Mənim bir gecədə saçım ağardı...

Teleqüllə partladılmışdı. Heç yerdən imformasiya ala bilmirdik. Fikirləşirdik ki, bizi də qıracaqlar. Sonra “Səhər” qəzeti çıxdı, məlumat əldə eləyə bildik. İndiki vaxt olsaydı, hər şey başqa cür olardı, bəlkə də.

- Bu gün – 20 Yanvar Matəm Günü kimi qeyd olunur. Sizcə, bu gün matəm günüdür, yoxsa azadlıq günü?

- Dövlətimizin indiki azadlığı 20 Yanvardan başlayır. 20 Yanvar xalqın oyanışıdır.Heç kimin silahı yox idi, hamı əliyalın çıxmışdı küçələrə. Fərizə özü də ictimai-siyasi hadisələrdə fəal idi. O vaxt Hökümət evinin qarşısında mitinqlər olurdu. O mitinqlərdə İlhamla bərabər Fərizə də iştirak eləyirdi. Çox savadlı idi. Biz həmişə onunla məsləhətləşirdik. O öz xasiyyətini atamdan almışdı .Atamla ən çox o ünsiyyətdə olurdu. Atam da ona çox inanırdı.

- Sizcə, bu hadisə olmasaydı, onların indi necə bir ailəsi olardı?

- Çox gözəl. İlham çox zəhmətkeş, zirək oğlan idi. Yaxşı ailə başçısı idi. Fərizə də evi çox yaxşı idarə eləyirdi.

- Heç İlham və Fərizə və ya sizin ailənizlə bağlı yalan xəbərlər yayımlanıb?

- Çox olub. Xəbərdən əlavə, bir dəfə onların başdaşına palçıq atmışdılar. Sonra mən Daxili İşlər Nazirliyinə şikayət elədim, o adamı tutdular.

Bizim adımızdan çox xəbər yayımlanıb. Bir dəfə dedilər ki, İlhamgilin ailəsi Biləcəri tərəfdə ev tikir. Məlum oldu ki, qaçqınlardı, bizim adımızdan istifadə eləyiblər. İlhamla Fərizənin şəklini qoyub özlərinə iş qurmuşdular.

Bir ailənin çox tanınmağının istər-istəməz fəsadları da olur.

- Üstündən illər keçib. Bu gün – 20 Yanvarda özünüzü necə hiss edirsiniz?

Eyni hsslər... Elə bil dünən olub. Göz yaşını saxlamaq olmur. Heç nə dəyişməyib sanki.

Hər şey eynidir – yuxularımız da...