Fransanın Reyunyon adasında törətdiyi cinayətləri əks etdirən qısa sənədli film nümayiş olunub

21 Yanvar 2025 10:50 (UTC+04:00)

Bakıda Fransanın müstəmləkəsi olan Reyunyonda törətdiyi cinayətləri faktlar və şahidlərin ifadələri ilə əks etdirən qısa sənədli film nümayiş olunub.

Film Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda nümayiş etdirilib.

Bildirilib ki, xüsusilə "yerli Hitler" adı almış Fransanın keçmiş baş naziri Mişel Döbre tərəfindən Reyunyon kimi müstəmləkələrdə dəhşətli cinayətlər törədilib.

Qeyd olunub ki, 1960-cı ildən sonra Reyunyon Fransanın müstəmləkəçiliyinə keçdikdən sonra Fransa adada afrikaəsilli qadınları aborta məcbur edib. Həmin dövrdə müstəmləkəçi dövlətin həkimləri yalan danışır, qadınlara başqa əməliyyatlar icra etdiklərini deyərək onların bətnindəki körpələri öldürüblər.

Filmdə şahidlər vurğulayıb ki, Reyunyonda ailələrindən qoparılan uşaqlar heç vaxt evlərinə qaytarılmayıblar. Onlar Fransa hökuməti tərəfindən fermalarda, müxtəlif sahələrdə işlədiliblər. Reyunyonlu uşaqların öz kökləri, ailələri ilə əlaqələri də tamamilə kəsilib.