Professor: Tikililərin layihələndirilməsi və nəzarətini müstəqil qurumlar etməlidir

23 Yanvar 2025 11:43 (UTC+04:00)

Zəlzələ təhlükəsinin daha da azaldılması üçün layihələndirmə və tikinti prosesində ciddi yanaşmalar zəruridir.

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadə deyib.

O bildirib ki, layihələndirilən binaların tikintisində layihəyə uyğunluğa nəzarət edən orqanlar müstəqil fəaliyyət göstərməlidir:

“Bu yanaşma tikinti prosesində keyfiyyətin daha da yüksək səviyyədə qorunmasını təmin edəcək. Eyni zamanda əlaqəli tikinti normalarının hər beş ildən bir yenilənməsi zəlzələlərdən sonra əldə edilən elmi biliklərin və texnologiyaların tətbiqinə imkan verəcək”.

A.Qasımzadə Azərbaycanın yüksək seysmik aktivliyə malik bölgədə yerləşməsini nəzərə alaraq qeyd edib ki, təhlükəsizliyi təmin etmək üçün mühəndislik yanaşmalarına müasir innovasiyalar əlavə olunmalıdır.

“İzolyasiya sistemlərinin və yeni texnologiyaların tətbiqi ilə mövcud binaların dayanıqlığını artırmaq mümkündür. Bu tədbirlər təkcə insan həyatını qorumaq deyil, həm də binaların funksional saxlanılmasını təmin etməyə yönəlməlidir”, - direktor əlavə edib. (report)

AzNews.az