Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq

23 Yanvar 2025 17:53 (UTC+04:00)

Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıq sahəsi üzrə dövlət qurumlarına təkliflər hazırlayacaq.

Bu, Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.

Bildirilib ki, “İşçi Qrup tərəfindən aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələri də nəzərə alınmaqla müvafiq dövlət orqanlarına ünvanlanan təkliflər paketinin hazırlanaraq təqdim olunması planlaşdırılır”.

Qeyd olunub ki, ixtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək hələ də cəmiyyətdə sual doğuran və tərəddüd edilən bir vəziyyət hesab olunur:

“Sorğuda iştirak edənlər bu sahə üzrə mütəxəssislərə müraciət etməyi bir sıra hallarda “arzuedilməz” hal kimi nəzərdən keçirdiklərini etiraf edərək ailə üzvləri, həmkarları, qonşuları tərəfindən qınanmaqdan, onlara “dəli”, ”ruhi xəstə” kimi damğa vurulacağından ehtiyat etdiklərini, nəticə etibarilə bunun onların şəxsi həyatı və karyeralarına mənfi təsirindən qorxduqlarını deyiblər”.

Eyni zamanda cəmiyyətdə psixi sağlamlıq üzrə peşəkar yardım almaqla bağlı stereotiplərin olduğu vurğulanıb:

“Facebook”da tibbi xidmətlər və tibbi məsləhətlər təklif edən onlayn qruplarda psixi sağlamlıq sahəsində tövsiyə və məsləhət istəyən insanlar bir sıra hallarda psixiatr əvəzinə nevroloqlara yönləndirilir, “psixoloq”, “klinik psixoloq”, “psixoterapevt”, “psixiatr” kimi anlayışlar fərqləndirilə bilinmir. Psixoloq kimi təqdim edənlərin bir qismi təhsilləri barədə sualı cavablandırmır”.

İctimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrinə əsasən monitorinqlər psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olan şəxslərə dair tələblərin icrasına nəzarətin artırılmasını tələb edir:

“Monitorinqlər xüsusilə də belə hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans, məsləhət xidmətləri göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanmasının zəruri olduğunu göstərməkdədir”.