Qüdrət Həsənquliyev – 60! - Əli Həziquliyevin təbrik məqaləsi

28 Yanvar 2025 16:10 (UTC+04:00)

38 illik mübarizə, 35 illik siyasi fəaliyyət, 22 illik Parlament! Və 22 illik gənclik, tələbəlik, əsgərlik!
Bütün bunları 60 illik bir ömrə hər kişi yerləşdirə bilər, amma ŞƏRƏFLƏ yerləşdirmək hər kişinin işi deyil!

Ondan başlamayacam ki, mən Qüdrət Həsənquliyevi nə vaxtdan tanıyıram. Və onu da deməyəcəm ki, 1993-cü ildən bu günəcən nə fikirlərimiz, nə də YOLlarımız heç ayrılmadı! Heç onu da deməyəcəm ki, bu illər ərzində ayrı-ayri məkanlarda və ayrı-ayrı məqamlarda eyni amal uğrunda vuruşduq, mübarizə apardıq, dövləti qoruduq, müdafiəyə çəkildik, hücuma keçdik. Çünki bunları hamı edə bilərdi və edənlər də çoxdu. Onu deyəcəm ki, Qüdrət Həsənquliyev olduğu komandada da, yaratdığı komandada da Şərəflələ, Namusla, Vicdanla, Əxlaqla və ən əsası öz içi ilə etdi bunları! Ailədə valideyinlərindən, kənddə ağsaqqallarından, məktəbdə müəllimlərindən aldığı tərbiyəylə nail oldu bütün bunlara! Təkcə bunlarlamı formalaşıb bu İnsan?! Əsla, Qüdrət bəyin bəxtinə Əbülfəz Elçibəylə bir komandada olmaq düşdü və onun milli, əxlaqi, humanist dəyərlərini özündə daşıyan sağlam həyata baxışı formalaşdı. Onun Heydər Əliyevin çətin, ağrılı-açılı kataklizm dolu hakimiyyəti dövründən həyata siyasi baxığları formalaşdı! Onun Məmməd Əmin Rəsulzadə irsinə sadiqliyi formalaşdı!

Və bu səbədəndir ki, Qüdrət Həsənquliyev bu gün namuslu bir İNSAN, sağlam düşüncəyə malik siyasi xadim, dəyərli millət vəkili kimi cəmiyyətdə özünəməxsus yer tutur və kimsənin onun fəaliyyətinə zərrə qədər şübhəsi yoxdur!

Qüdrət Həsənquliyevin Dövlət, Vətən, Millət qarşısında xidmətləri çoxdur! Bu xidmətlər onun təkcə keçmiş mübarızələrinin təntənəsi deyil, eyni zamanda gələcək nəsillərə örnək olacaq əvəzsiz bir həyat məktəbidir!

Hörmətli Qüdrət Bəy! Hörmətli Sədrim! Dəyərli millət vəkilim!

Siz təkcə partiya sədri, millət vəkili, siyasi kimlik daşıyan xadim deyil, həm də insanlara dəstək olmağı və onların problemlərini həll etmək üçün fəaliyyət göstərməyi həyat amalı seçmiş bir şəxsiyyətsiniz! Siz, dostlarınınzın və Sizə müraciət edən hər kəsin ağrısını öz bədəninizdə hiss edən Şərəfli bir DOSTsunuz!!!

Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı , yeni-yeni nailiyyətlər və ətrafınızda daim Sizi sevən insanların olmasını arzulayıram! Azərbaycanımızın işıqlı sabahı naminə həyata keçirdiyiniz bütün təşəbbüslərinizdə hər zaman uğur yol yoldaşınız olsun.

Dərin hörmətlə,
ƏHD Sədrinin müavini, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev.