Ceyhun Bayramov Ankarada özbəkistanlı həmkarı ilə görüşüb

29 Yanvar 2025 11:49 (UTC+04:00)

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair "Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Proqram nazirlərin Ankarada görüşü zamanı imzalanıb.

Bildirilib ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankarada səfərdə olan Azərbaycan və Özbəkistan XİN başçıları görüş çərçivəsində Azərbaycan-Özbəkistan alyansının siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq yolları, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.

Ceyhun Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və sülh prosesinə olan təhdidlər barədə məlumatlandırıb.

AzNews.az