Son bir ayda 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib

31 Yanvar 2025 17:37 (UTC+04:00)

Son bir ayda 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib.

Bu barədə nazirlik məlumat yayıb.

"Yanvarın 31-dək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Komissiya yanvarın 31-dək ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən təqdim edilməsini müəyyənləşdirib.

Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.