“Son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir. Belə ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiyməti 1, quzu ətinin qiyməti isə 2 manat artıb. Qəssabların sözlərinə görə, bu, heyvan qıtlığı ilə əlaqədardır. Beləliklə dana əti 15 manatdan 16 manata qalxıb, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir”.
“Bahalaşma davam edəcək, çünki onun qarşısını almaq hazırkı şəraitdə mümkün deyil. Qiymət artımının qarşısını almaq üçün əsasən heyvandarlığın inkişaf etdirilməsi vacibdir. Məsələn, gənclər çobanlıq etməli, heyvandarlıqla məşğul olmalıdırlar. Lakin bu sahəyə maraq azalıb, gənclər Bakı şəhərində yaşamağa üstünlük verir, heyvandarlıq təsərrüfatlarına meyl etmirlər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
İqtisadçı ekspert qeyd edib ki, heyvandarlıqla məşğul olan insanların sayı azalır, ev təsərrüfatlarında heyvan saxlayanların sayı düşür.
“Çox insan xaricə köçmək və ya şəhərdə yaşamaq istəyir, kənd təsərrüfatında çalışmaqdan çəkinir. Bu isə saxlanılan heyvanların sayının azalmasına səbəb olur. Digər tərəfdən, intensiv təsərrüfatlarda heyvanların yemi baha başa gəlir. Yem, dərman və digər xərclər artdığı üçün heyvandarlıqla məşğul olmaq daha çətinləşir. Bundan əlavə, otlaq sahələri də getdikcə azalır. Əvvəllər boş sahələr çox idi, indi isə tikinti işləri, bağçılıq və əkinçilik bu əraziləri daraldıb. Torpaqların şoranlaşması da ciddi problemə çevrilib. Aran zonasında torpaqların üstü quraq yay aylarında ağ rəng alır və məhsuldarlıq azalır. Bütün bunlarla yanaşı, enerji daşıyıcılarının qiymətinin artırması da təsərrüfat xərclərini yüksəldir. Bu artımlar fermerlərin xərcini artırır, onların fəaliyyətini çətinləşdirir. Nəticədə heyvandarlıqla məşğul olanlar daha çox xərclə üzləşir və bu da ətin qiymətinə təsir edir”.
İqtisadçı ekspertin sözlərinə görə, statistik məlumatlar da vəziyyətin pisləşdiyini göstərir.
“Son 10 ildə xırdabuynuzlu heyvanların sayı təxminən 10%-dən çox azalıb, lakin ət kəsimi 20%-dən çox artıb. Bu da o deməkdir ki, tələbat artdığı halda, təklif azalır. Belə davam edərsə, ət bahalaşması davam edəcək. Problemin həlli üçün iki yol var: ya heyvandarlığın inkişafı və heyvanların sayının artırılması təmin olunmalıdır, ya da qiymətlər o qədər yüksələcək ki, insanların ət almaq imkanı azalacaq. Hazırkı vəziyyətə baxsaq, yaxın gələcəkdə bahalaşmanın qarşısının alınması çətin görünür”.
Rəfiqə NAMAZƏLİYEVA