"Azərbaycan-Ermənistan delimitasiya prosesində Rusiya hüquqi bir rol oynaya bilməz" - millət vəkili

31 Yanvar 2025 19:50 (UTC+04:00)

“Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlaması böyük maraq doğurub. Belə ki, o, Moskvanın Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində ölkələrə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda Rusiyanın müvafiq kartoqrafik materialı olduğu və lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə onlara verilə biləcəyini diqqətə çatdırıb”.

“Əslində, Rusiya tərəfi delimitasiya prosesinin de-yure iştirakçısıdır. 2021-ci ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli komissiya yaradılıb. Lakin məlum olduğu kimi, bu komissiya indiyə qədər heç bir real fəaliyyət göstərməyib və daha çox formal xarakter daşıyıb. Bununla belə, Azərbaycan və Ermənistan şərti sərhədlərin delimitasiyası istiqamətində müəyyən addımlar atıblar. Bu addımlar əsasən ikitərəfli razılaşmalar çərçivəsində həyata keçirilib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Millət vəkili qeyd edib ki, əgər Rusiya hansısa xəritələr təqdim etmək və delimitasiya-demarkasiya prosesinə kömək etmək niyyətindədirsə, buna normal yanaşmaq olar.

“Çünki hazırda Azərbaycan tərəfində delimitasiya və demarkasiya prosesinin aparılması üçün bütün lazımi xəritələr mövcuddur. Əgər Rusiya bu prosesin hansısa mərhələsində əlavə aydınlıq gətirmək və ya ortaya çıxan maneələrin aradan qaldırılması məqsədilə sənədlər təqdim etmək istəyirsə, bu da prinsip etibarilə normal qəbul edilməlidir. Bununla belə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması və delimitasiya prosesinin yekunlaşdırılması üçün üçüncü tərəfin, o cümlədən Rusiyanın iştirakına ehtiyac yoxdur. Çünki bu, iki suveren dövlət arasında olan bir prosesdir. Əgər burada məhkəmə predmetinə çevriləcək məsələlər olarsa, onların həlli üçün beynəlxalq məhkəmələrə müraciət edilə bilər. Rusiya isə beynəlxalq məhkəmə statusu daşımadığı üçün bu məsələdə hüquqi bir rol oynaya bilməz”.

Rəfiqə NAMAZƏLİYEVA