Yaxın gələcəkdə Süni intellekt insanları əvəz edə bilərmi? - AÇIQLAMA

31 Yanvar 2025 20:48 (UTC+04:00)

“Süni intellekt son illərdə bir çox sahədə işləri asanlaşdırmaq və sürətləndirmək məqsədilə geniş şəkildə istifadə olunur. Kod yazımında da bu texnologiyanın tətbiqi artmaqda davam edir. Bir çox İT mütəxəssisləri kod yazımında süni intellekt sistemlərindən faydalanır”.

“Hazırda heç bir ölkədə heç bir peşə tam olaraq süni intellektin ixtiyarına verilməyib. Eyni zamanda, proqramlaşdırma (developer) sahəsində də süni intellekt kod yazmaq üçün tam şəkildə istifadə olunmur, daha çox köməkçi alət kimi tətbiq edilir. Süni intellekt kodun müəyyən hissələrinin yazılması, xətaların tapılıb düzəldilməsi və optimallaşdırılması kimi sahələrdə faydalı olsa da, bütövlükdə proqramlaşdırma prosesini insanın əvəz edə biləcəyi səviyyəyə çatdırmayıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib.

Mütəxəssis qeyd edib ki, süni intellekt bütün dünyada sürətlə inkişaf edir və müxtəlif peşələrdə, o cümlədən proqramlaşdırmada, köməkçi vasitə kimi istifadə olunur.

“Süni intellekt həlləri ilə bir çox işlər nisbətən avtomatlaşdırılsa da, onun tam adaptasiyası və bütün təşəbbüslərin süni intellektə həvalə edilməsi anlayışı hələ formalaşmayıbdır. Böyük texnologiya şirkətləri də iddia etmirlər ki, süni intellektə tam inam mümkündür. Çünki süni intellekt hazırda yalnız riyazi hesablamalar və statistik modellər əsasında düzgün ardıcıllıq qurur. O, məntiqi düşünmə və ya fəlsəfi yanaşma bacarığına malik deyil. Süni intellekt sadəcə verilən nümunələr əsasında optimal həll yollarını tapır, lakin təşəbbüs göstərmək, dərin anlayış formalaşdırmaq və yaradıcı düşünmək qabiliyyətindən məhrumdur. Növbəti beş il içərisində gözlənilir ki, süni intellekt insana yaxın düşünmə qabiliyyəti əldə etsin. Developer peşəsinə gəldikdə, süni intellekt burada da yalnız köməkçi vasitə kimi çıxış edir. Developer peşəsi yüksək ixtisas və dərin bilik tələb edən sahədir və hazırda bütün dünyada sürətli rəqəmsallaşma və rəqəmsal transformasiya prosesi gedir. Bu proseslərdə dövlət qurumları, özəl sektor və bizneslər aktiv iştirak edirlər və süni intellekt burada insan faktoru olmadan tam şəkildə fəaliyyət göstərə bilməz. Mürəkkəb texnoloji sistemlərin idarə olunması, yeni həllərin yaradılması və biznes proseslərinin optimallaşdırılması üçün insan ünsiyyəti və analitik düşüncə hələ də əvəzedilməzdir. Buna görə də süni intellekt kodlaşdırma və digər sahələrdə insanlara kömək edən bir alət kimi qalır. Lakin bu texnologiyanı tam şəkildə insan əməyi ilə əvəz etmək hələ mümkün deyil və yaxın gələcəkdə də bu ehtimal az görünür”.

Rəfiqə NAMAZƏLİYEVA