"Zəngəzur dəhlizinin açılması və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa maneəsiz keçidin təmin edilməsi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir, bu öhdəlik yerinə yetirilməlidir. Prezident İlham Əliyev tərəfindən beynəlxalq gündəliyə daxil edilən Zəngəzur dəhlizi layihəsi Azərbaycanın qərb rayonlarından Naxçıvana, yəni Azərbaycandan Azərbaycana maneəsiz keçidi özündə ehtiva edir. Azərbaycandan Azərbaycana keçid heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən rahat və azad şəkildə olmalıdır".
Bu barədə AzNews.az-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov açıqlama verib. Deputat deyib:
"Ermənistan nəzərə almalıdır ki, bugünkü Ermənistan 1918-ci ildə Batum konfransında əldə edilən razılığa görə, Azərbaycan torpağında yaradılıb və bu razılıq qarşılığında Ermənistan Azərbaycan və Türkiyə qarşısında üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməyib. Qərbi Zəngəzur da 1920-ci ildə sovet hakimiyyəti tərəfindən qanunsuz və xalqın iradəsinə zidd olaraq Azərbaycandan alınıb Ermənistana verilib. Sonrakı illərdə Moskva hökuməti tərəfindən qanunsuz olaraq Ermənistana verilən Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 9 min kvadrat kilometrdən 29,7 min kvadrat kilometrə çatdırılıb. Bütün bunlar Rusiya tərəfindən Azərbaycan xalqına qarşı törədilən böyük cinayət nəticəsində gerçəkləşib".
Vasif Qafarovun sözlərinə görə, 1920-ci il aprelin 27-də Azərbaycan Rusiya tərəfindən hərbi güc tətbiq etmək yolu ilə işğal edilərək sovetləşdirildiyindən 1907-ci il Haaqa Konvensiyasının “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipinə görə, 1920-ci ilin 27 aprel işğalından sonrakı dövrdə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin xalqın iradəsinə zidd olaraq Ermənistana verilməsi ilə bağlı qəbul edilən bütün qərarlar qanunsuzdur:
"Sovet hakimiyyəti dövründə Ermənistana verilən Azərbaycan torpaqları üzərində suverenlik hüququ Moskva hökumətinə deyil, Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı Qərbi Zəngəzur və digər torpaqlarının Ermənistana verilməsinə heç bir razılıq verməyib. Əksinə, bu məsələdə xalqın müqavimətinə qarşı zor tətbiq edilib və onun müqaviməti qırılıb".
Deputat deyib:
"Azərbaycandan Azərbaycana maneəsiz və azad keçidi özündə ehtiva edən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi sovet hakimiyyəti illərində Azərbaycan xalqına qarşı həyata keçirilən böyük ədalətsizliyin və cinayətin ağır nəticələrinin aradan qaldırılması yönündə mühüm bir addım olacaq. Eyni zamanda, bu addım Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Azərbaycan torpaqlarında yaradılan Ermənistana “kupça” verilməsinə və onun legitimliyinin qəbul edilməsinə, həmçinin Ermənistanın dalandan çıxarılmasına və kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Bu baş vermədiyi təqdirdə Ermənistan “kupça”sız və qeyri-legitim ərazi kimi bütün kommunikasiya xətlərindən kənar dalan olaraq qalacaq. Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz. Buna görə də Ermənistan Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan dövlətlərin əlində bir alətə çevrilmək siyasətindən əl çəkməli, öz gələcəyini düşünməli, reallığı qəbul etməli və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir".
AzNews.az